2016-cı il Avropa çempionatının seçmə qrup mərhələsinin IV turunda Bakıda Norveçə uduzan milli komandamızın baş məşqçisi Mahmud Qurbanov oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
Apasport.az saytının xəbərinə görə, Qurbanov məğlubiyyətə belə şərh verib:
"Oyundan və futbolçuların meydandakı mübarizəsindən razı qaldım. Norveç yığması göstərdi ki, müdafiədə səhvsiz oynayır. Bizim oyunçulara şans vermədilər. Çox qapalı mübarizə apardılar. Düzdü, nəticə yaxşı olmadı. Amma bir xal qazanmaq istəyirdik. Lakin rəqibin arxa xətdəki oyunu buna imkan vermədi. Bir sözlə, komandamdan razı qaldım. Oyunçular istəkli idilər. Müdafiədə və yarımmüdafiədə dəyişikliklər oldu. Qol vurmaq istəyən komanda hücumda da dəyişiklik etməlidi".
Matçdan sonra Skandinaviya təmsilçisinin baş məşqçisi Per-Matias Hoqmo da jurnalistlərin suallarını cavablandırıb.
"Oyunçularımla qüruru duyuram. Taktiki cəhətdən yaxşı oynadılar. Müdafiədə də əla oynadıq. Bir-iki qol şansımız oldu ki, onlardan birini istifadə edib qələbə qazandıq. Biz motivasiyası böyük olan komandaya qarşı mübarizə apardıq. Çünki yeni baş məşqçinin gəlməsi onların motivasiyasında rol oynadı. Stadionun durumu pis idi. Çalışdıq ki, sadə oynayıb, çox problem yaşamayaq".