6 Dekabr 2021 16:11

UEFA Konfrans Liqasının rəsmi tviter hesabı növbəti dəfə "Qarabağ" klubu haqqında paylaşım edib.

Teleqraf.com-un məlumatına görə, postda Ağdam təmsilçisinin son 25 görüşdə yalnız bir dəfə məğlub olduğu xatırladılıb.

Bundan əlavə, "köhlən atlar"ın həftəsonu Azərbaycan Premyer Liqasının XIII turunda "Sabah"a 5:1 hesabı ilə qalib gəldiyi bildirilib. Qurban Qurbanovun baş məşqçi olduğu komanda cari mövsüm yeganə məğlubiyyətini ölkə çempionatının VIII turunda səfərdə "Səbail"lə görüşdə alıb - 1:3.

Qeyd edək ki, "Qarabağ" noyabrın 9-da UEFA Konfrans Liqasının qrup mərhələsinin sonuncu - VI turunda İsveçrədə "Bazel"in qonağı olacaq. Hər iki kollektiv H qrupunda 11 xala malikdir və pley-offa vəsiqəni təmin edib. Ağdam təmsilçisi yalnız qələbə sayəsində qrup lideri ola və 1/8 finala yüksələ bilər.


Müəllif: Teleqraf.com