Özbəkistanın paytaxtı Daşkənddə güləş üzrə böyüklər arasında keçirilmiş Dünya çempionatının nəticələrində dəyişiklik edilib.
Publika.az xəbər verir ki, sərbəst güləş yarışlarında 97 kq çəki dərəcəsində bürünc medal qazanmış Türkiyə təmsilçisi Şamil Erdoğanın qadağan olunmuş preparatlardan istifadə etməsi bir neçə mərhələli yoxlamalardan sonra təsdiqini tapıb. Bununla əlaqədar Dünya Güləş Birliyi Şamil Erdoğanın 2 illik diskvalifikasiyasına, onun qazandığı medalın Kuba güləşçisi Javier Cortinaya verilməsinə qərar verib.
Bu qərar komanda hesabında ölkələrin sıralamasına da təsir edib. Belə ki, Türkiyə yığmasının hesabından bürünc medalın silinməsi Dünya çempionatını 4-cü sırada tamamlamış Azərbaycan sərbəst güləş yığmasının bir pillə irəliləməsinə səbəb olub.
Beləliklə, Daşkənddə keçirilmiş Dünya çempionatını 1 qızıl (Hacı Əliyev - 61 kq) və 1 gümüş (Xetaq Qazyumov - 97 kq) medalla başa vuran sərbəst güləşçilərimiz komanda hesabında 36 xal qazanaraq Rusiya və İrandan sonra 3-cü yerdə qərarlaşıb.