İsveçrənin Sankt Moritz şəhərində qarüstü polo üzrə 37-ci dünya kubokunda “Land of Fire-Azerbaijan” komandası turnirin finalına vəsiqə qazanıb.
Azərbaycan Atçılıq Federasiyasından (ARAF) Teleqraf.com-a verilən məlumata görə, nüfuzlu turnirdə ölkəmizi “Land of Fire” komandası təmsil edir.
Yanvarın 27-də start götürən yarışda təmsilçimiz bu gün ikinci matçına çıxıb. İlk oyunda “Perrier Jouet” kollektivini üstələyən poloçularımız yarımfinal mübarizəsində 2019-cu ilin çempionu “Badrutts Palace” ilə üz-üzə gəlib. Hesabda geri düşən “Land of Fire” komandası oyunda geridönüş edərək yekunda 4:2 hesabı ilə qalib gəlib.
Beləliklə, təmsilçimiz turnirin final matçına vəsiqə qazanıb. Yanvarın 30-da keçiriləcək həlledici görüşdə rəqib “Clinique La Prairie” komandası olacaq. Görüş Bakı vaxtı ilə saat 17:30-da start götürəcək.
Qeyd edək ki, Azərbaycan komandasının heyətində dörd idmançı - kapitan Elçin Camallı, Tito Qaudenzi, Adrian Laplaset və Raul Laplaset mübarizə aparırlar.
Oyunların keçirildiyi meydanın yaxınlığında Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycana həsr olunmuş pavilyon yaradılıb.
Burada Azərbaycanın tarixi, mədəni irsi barədə məlumatlar, video çarxlar, müxtəlif suvenirlər, yerli məhsullar, eyni zamanda Heydər Əliyev Fondunun müxtəlif nəşrləri təqdim edilir. Pavilyonda qonaqlar üçün milli mətbəximizin təamları hazırlanır, eləcə də toxucularımız Azərbaycan xalçalarının toxunması qaydalarını yerindəcə izləyicilərə nümayiş etdirir. Bu gün axşam isə “Baku Moritz Night” qala gecəsində gənc skripkaçı Elvin Qəniyevin ifasında Azərbaycan musiqisi təqdim ediləcək.