"Ramili müdafiəyə çəksək də, arxada görmürdüm, ancaq hücumda idi".
Teleqraf.com-un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov səfərdə "Keşlə"ni 6:0 hesabı ilə darmadağın etdikləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunundan sonra deyib.
50 yaşlı mütəxəssis bildirib ki, 26 yaşlı hücumçunun müdafiənin sağ cinahına keçməsi görüşün gedişatından asılı olub: "Hesab da buna imkan verir. Bəzi futbolçularımıza görə narahat idik. Buna görə dəyişikliklərə əl atdıq. Heç də pis alınmırdı".
Qurbanov komandasının çıxışından razı qaldığını söyləyib: "Öz komandam üçün yaxşı oyun oldu. Heyətdə xeyli rotasiya etmişdik. Bəzi futbolçular çox istəkli idilər. Bunun da faydası çox oldu. Hesabda öndə olsaq da, nizam-intizamı qoruyub-saxlaya bildik. Komandamı təbrik edirəm. Rəqibdə yorğunluq hiss olunurdu. Bəlkə də buna görə bizim üçün asan oldu. Halbuki "Keşlə"yə qarşı matçlarımız hər zaman ağır keçib".