"Dövlətimiz və ölkə başçısı bizim üçün olimpiya kompleksləri tikib, amma onların bəzilərində fəaliyyətsizlik mövcuddur".
Teleqraf.com xəbər verir ki, bunu "Report"a açıqlamasında sərbəst güləş üzrə dünya və 2 qat Avropa çempionu Xəzər İsayev deyib.
Milli Olimpiya Komitəsinin sabiq vitse-prezidenti ölkədə yetərincə olimpiya kompleksinin və idman obyektlərinin olduğunu xatırladıb. İsayevin sözlərinə görə, bütün bu infrastruktur Azərbaycan idmanının inkişafı üçün önəmlidir. Lakin onun fikrincə, olimpiya komplekslərində mütəxəssis azlığı var:
"Yəqin ki, Gənclər və İdman Nazirliyi bununla bağlı islahatlar aparır. İstəyirəm ki, hər rayonda və bölgədə məşqçilərimiz çalışsınlar. Məşqçiləri olimpiya komplekslərinə cəlb etmək olar. Bir-iki komandanın hansısa idman kompleksində məşq etməsi bu işin həlli məsələsi deyil. Bazalar "qaynamalı" və işləməlidir. Həmin idman obyektlərinə insanları təmannasız dəvət etmək lazımdır. Məşhur idmançılar hamısı kasıblar olur. Onlara diqqət etməli və idmana cəlb etməliyik. Regionlarda idmançılar püxtələşərək, milli komandalara gəlməlidirlər. Ən böyük problemlərdən biri odur ki, ölkədə Azərbaycan çempionatından başqa hansısa turnir keçirilmir. Amma olimpiya kompleksləri boş qalıb".