Bu gün Azərbaycanın beş sərbəst güləşçisi Macarıstanın paytaxtı Budapeştdə start götürəcək Avropa çempionatında mübarizəyə başlayacaq.
Teleqraf.com xəbər verir ki, 57 kq çəki dərəcəsində çıxış edən Əliabbas Rzazadə təsnifat mərhələsində ispaniyalı Levan Metreveliylə üz-üzə gələcək.
65 kq-da yarışan 3 qat Avropa və 3 qat dünya çempionu Hacı Hacıyev mübarizəyə 1/4 finaldan qoşulacaq. Yarışın reytinq favoriti olan 31 yaşlı idmançının bu mərhələdə rəqibi Munir Aktaş (Türkiyə) - Kuentin Stiker (Fransa) görüşünün qalibi olacaq.
Zirəddin Bayramov (70 kq) 1/8 finalda macar Daniel Antalın müqavimətini qırmağa çalışacaq. Əşrəf Aşırov (79 kq) eyni raundda bolqar Miroslav Kirovu sınağa çəkəcək.
Maqomedxan Maqomedov (97 kq) isə təsnifat mərhələsində litvalı Lukas Krasauskasa qalib gəlməyə çalışacaq.
Qeyd edək ki, Avropa çempionatı aprelin 3-də başa çatacaq.