Noyabrın 14-dən 24-dək Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Şərca şəhərində “İslam mədəniyyəti paytaxtları” beynəlxalq şahmat turniri keçirilib.
AzərTAc xəbər verir ki, kişilərin yarışlarında 46, qadınların yarışlarında 26 şahmatçı iştirak edib. Bu turnirdə Azərbaycanın idman şərəfini qrossmeysterlər Eltac Səfərli, Qədir Hüseynov, Nicat Abbasov, beynəlxalq ustalar Xəyalə Abdulla, Ülviyyə Fətəliyeva və FİDE ustası Nərmin Xələfova qoruyurdu.
Kişilərin turnirində Qədir Hüseynov, Əhməd Ədli (Misir) və Semeteya Toloqonteqina (Qırğızıstan) eyni nəticə göstəriblər: onların hər biri 9 mümkün xaldan 7 xal toplayıb, lakin əlavə göstəricilər nəzərə alınmaqla Azərbaycan qrossmeysteri Qədir Hüseynov turnirin qalibi olub. Saleh Səlim (BƏƏ) və Eltac Səfərli 6,5 xal, qrossmeyster Nicat Abbasov isə 6 xal toplayıb. Nicat yeddinci yeri tutub.
Qadınların turnirində Azərbaycan nümayəndəsi Ülviyyə Fətəliyeva 9 mümkün xaldan 8 xal toplayaraq birinci yeri tutub. 7,5 xal toplamış Dorsa Deraxşani (İran) ikinci, 6,5 xal toplamış Sarvinoz Kurbonboyeva (Özbəkistan) üçüncü olub. Xəyalə Abdulla (6 xal) dördüncü, Nərmin Xələfova (5 xal) altıncı nəticə göstərib.
Şərcada təşkil edilmiş “İslam mədəniyyəti paytaxtları” şahmat çempionatları İsveçrə sistemi üzrə 9 turdan ibarət olub.