27 Noyabr 2014 22:53
731
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Araz-Naxçıvan" futbol klubu yenidən toplanıb.

Teleqraf.com-un klubun saytına istinadən verdiyi məlumata görə, klubun yaydığı xəbərdə komandanın yerli futbolçularla bir araya gəldiyi bildirilir.

Məlumatda deyilir: "Məlum olduğu kimi, "Araz-Naxçıvan" PFK 3 həftə öncə Azərbaycan çempionatında oynamaqdan imtina edərək Peşəkar Futbol Liqasına rəsmi olaraq müraciət etmişdi. PFL bu müraciətə baxaraq, komandamızın çempionatda oynamaqdan imtina etməsini təsdiq etmiş və klubun futbolçularına azad agent statusu verilmişdi. "Araz-Naxçıvan"ın çempionatdan imtina etməsinin səbəbi isə keçirdiyimiz oyunlarda hakimlərin komandamıza qarşı qərəzli mövqeyi idi. Bu barədə klub rəhbərliyi aidiyyəti quruma bir neçə dəfə müraciət etsə də, buna səthi yanaşıldı və klub 11-ci turdan sonra çempionatdan imtina etdiyini rəsmi olaraq bəyan etdi.

Çempionatdan imtina etməsinə baxmayaraq, "Araz-Naxçıvan" fəaliyyətini dayandırmadı. Düzdür, bəzi mətbu orqanlar klubun çempionatda fəaliyyətini dayandırmasını bəzi məqamlarla əlaqələndirdilər ki, bunlar həqiqəti əks etdirmir. Muxtar Respublika təmsilçisi yalnız Premyer Liqada oynamaqdan imtina edib və fəaliyyətini Naxçıvan Muxtar Respublikası birinciliyində davam etdirəcək. Nə zaman ki, Azərbaycan futbolunda hakim haqsızlığı olmayacaq, o zaman klub rəsmi olaraq çempionatda oynamaq üçün müraciət edəcək".

Qeyd olunur ki, çempionatda oynamaqdan imtina edən "Araz-Naxçıvan" bu gündən etibarən bir araya toplaşıb və seçimlərə start verib: "Məqsəd isə qarşıdakı illərdə yalnız naxçıvanlı futbolçulardan ibarət komanda formalaşdırmaq və muxtar respublikada uşaq futbolunun inkişafına təkan verməkdir. Artıq bu gün komanda Naxçıvan Muxtar Respublikasının stadionunda ilk məşqinə çıxıb.

Seçimlərdə isə Naxçıvanın daxili birinciliyində çıxış edən komandaların heyətlərindən seçilən oyunçular iştirak ediblər. 10 günə yaxın davam edəcək ilk seçimlərdə 1992-2000-ci il təvəllüdlü futbolçular qüvvələrini sınayır. Bu seçimlərdə məşqçilər tərəfindən müsbət rəy alacaq futbolçular dekabrın son həftəsində yenidən bir araya gələcək və məşqlərə davam edəcəklər.

Bu müddət ərzində - daha dəqiq desək, 4-10 dekabr tarixlərində isə seçimlər 2000-2007-ci il təvəllüdlü futbolçular arasında aparılacaq və seçilən uşaqlar fevral ayında fəaliyyətə başlayacaq "Araz-Naxçıvan" futbol məktəbinə dəvət olunacaqlar".

Məlumatda deyilir ki, yenidən formalaşan "Aaz-Naxçıvan" fevral ayının sonlarında başlayacaq Naxçıvan Muxtar Respublikası birinciliyinə, həmçinin Naxçıvan Kubokunda iştirak edəcək: "Bu müddətə kimi isə komandamızın yoldaşlıq oyunları keçirəcəyi gözlənilir".


Müəllif: