Sabah Azərbaycanın üzgüçülük üzrə milli komandası Qətərin Doha şəhərində keçiriləcək "kiçik su"da (25 metr su hovuzunda) dünya çempionatına qatılacaq.
Bu barədə Teleqraf.com-a Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Bu mötəbər yarışda ölkəmizi üzgüçülük üzrə milli komandanın baş məşqçisi Rəşad Əbdulrəhmanovun rəhbərliyi altında ikisi qız, altısı oğlan olmaqla 8 idmançı təmsil edəcək.
Dekabrın 3-7 tarıxlərində təşkil olunacaq dünya çempionatına milli komandamız aşağıdakı heyətlə yollanıb:
Baş məşqçi Rəşad Əbdulrəhmanov
Baş məsləhətçi, məşqçi Viktor Jeltıkov
Məsləhətçi Sergey Kostyukov
Məşqçi Oleq Həşimov
Üzgüçülər:
Boris Kirilov - kapıtan
Tsitilyuk Yulya
Mançinkova Anna
Cəfərov Kamran
Andreanov İvan
Kalminski Qriqoriy
Fazekaş Doriyan
Jeltikov Anton
Baş məşqçi R.Əbdulrəhmanovun sözlərinə görə, bu dünya çempionatına qatılmaqda əsas məqsəd idmançılarımızın beynəlxalq idman təcrübəsini artırmaqdır: "Bu üzgüçülər ölkəmizi 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarında təmsil edəcəklər. Bir idmançımızı - Boris Kirilovu çıxmaq şərtilə qalan üzgüçülərin beynəlxalq turnir təcrübələri demək olar ki, yoxdur. Bu keyfiyyətləri idmançılarımıza aşılamaq məqsədi ilə bir neçə mötəbər turnirə qatılmaq niyyətindəyik. Bildiyiniz kimi, milli komandamızın üzvləri yeniyetmələrdir. Ona görə də onların böyüklərin turnirində çox yüksək yerlər tutacaqlarına ümid etmirik. Amma öz nəticələrini yaxşılaşdırmaq və ən əsası da beynəlxalq idman təcrübəsi baxımından bu turnir vacıbdir".
Üzgüçülük üzrə milli komandamız Doha şəhərində keçiriləcək dünya çempionatına Azərbaycan Gənclər və İdman Nazırlıyinin və Azərbaycan Üzgüçülük Federasiyasının dəstəyi ilə qatılır.
Federasiyadan onu da bildiriblər ki, bu gün Qətərin Doha şəhərində Beynəlxalq Üzgüçülük Federasiyasının (FINA) xətti ilə Ümumdünya Üzgüçülük Konvensiyası ilə bağlı tədbir keçirilir. Bu mötəbər yığıncaqda ölkəmizi Azərbaycan Üzgüçülük Federasiyasının baş katıbı Fərid Bənənyarlı təmsil edir. 171 ölkənin nümayəndələrinin qatıldığı tədbirdə üzgüçülük idmanının inkişafı üçün vacib qərarların qəbul olunacağı gözlənilir.