21 İyun 2022 00:40
448
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təl-Əvivdə (İsrail) keçirilən Avropa çempionatında uğurla çıxış edən bədii gimnastika üzrə Azərbaycan yığması Vətənə medallarla qayıdıb.

Teleqraf.com-un məlumatına görə, Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançıları Azərbaycan Gimnastika Federasiyasının nümayəndələri, həmkarları, idman ictimaiyyətinin nümayəndələri, habelə qohumları və yaxınları qarşılayıblar.

Xatırladaq ki, iyunun 15-19-da Təl-Əvivdə keçirilən bədii gimnastika üzrə Avropa çempionatında Azərbaycan komandası dörd bürünc medal qazanıb. Beləliklə, gürzlərlə hərəkətdə azərbaycanlı gənc gimnast Kamilla Qafarova bürünc medal qazanıb. Azərbaycan komandası qrup hərəkətlərində - çoxnövçülükdə, beş halqa ilə proqramda və üç lent və iki topla hərəkətdə üç bürünc medal qazanıb.

Azərbaycan komandasının heyətində Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokina yer alıb.

Qeyd edək ki, böyüklər yaş kateqoriyasında Avropa çempionatında Zöhrə Ağamirova və Arzu Cəlilova fərdi proqramda iştirak ediblər. Çoxnövçülükdə finalda (dörd hərəkətin cəmi - halqa, top, gürzlə və lentlə hərəkətlər) Z.Ağamirova doqquzuncu, A.Cəlilova isə onuncu yeri tutub. Ayrı-ayrı növlər üzrə fərdi proqramın finalında Zöhrə Ağamirova topla hərəkətdə səkkizinci, gürzlər proqramında altıncı, Arzu Cəlilova lentlə hərəkətdə isə səkkizinci yeri tutub.

Kamilla Qafarova gürzlərlə hərəkətlərdə üçüncü yeri tutmaqla yanaşı, halqa ilə hərəkətdə altıncı yeri tutub. Gənc gimnastımız Alina Məmmədova topla hərəkətdə altıncı, Mədinə Dəmirova isə lentlə hərəkətdə yeddinci yeri tutub.


Müəllif: Teleqraf.com