24 Avqust 2022 01:12
814
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Komandamdan çox razıyam. Ağır rəqibə qarşı oynayırdıq. Bizim bütün matçlarımız pley-off səviyyəsində idi. Çox əziyyət çəkdik. İlk hissədə üstünlük bizim tərəfimizdə oldu. İkinci yarıda rəqib cüzi səhvlərimizdən istifadə etdi. Azərbaycan futbolunu daha da tanıtmağa çalışırıq. Futbol səhvlər üzərində qurulub. Rəqibi təbrik edirəm".

Teleqraf.com xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çexiyada "Viktoriya" (Plzen) komandasına 1:2 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra "CBC Sport"a açıqlamasında deyib.

50 yaşlı mütəxəssis futbolçularının üzgün olduğunu bildirib: "Onlarla danlışdım, dəstək olmağa çalışdım. Bu, futbolun ən incə hissələrindən biridir. Oyunçular məyus olanda göz yaşlarını saxlaya bilmirlər. Onların yanındayam. Hamısı ilə dostam. Futbolçularımla fəxr edirəm. İrəliyə baxmaq lazımdır".

O, Avropa Liqasını Çempionlar Liqasından ayırmadığını söyləyib: "Orada elə komandalar var ki, Çempionlar Liqasında oynamağı haqq edirlər. Əvvəlcə püşkatmanı gözləyəcəyik, ondan sonra rəqibləri dəyərləndirəcəyik. Böyümək istəyirik".

Qurbanov sonda azarkeşlərə təşəkkür edib: "Onların dəstəyini hər zaman hiss edirdik. Daha çox çalışıb, yaxşı nəticələr əldə etmək istəyirik".

Qeyd edək ki, "Qarabağ" mübarizəni UEFA Avropa Liqasında davam etdirəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər