"Qarabağ"ın futbolçusu İbrahima Vadji Fransanın "Sent Etyen" komandasına transfer olunub.
Teleqraf.com xəbər verir ki, seneqallı hücumçu növbəti həftənin əvvəllərində yeni klubu ilə rəsmi müqavilə bağlayacaq. 27 yaşlı forvarddan ötrü Azərbaycan təmsilçisinə 1 milyon avrodan çox vəsait ödəniləcək. Bura müxtəlif bonuslar daxil deyil.
Vadji ötən gün "Şamaxı"nı 4:0 hesabı ilə yendikləri Misli Premyer Liqası matçında ehtiyat oyunçular skamyasında yer alıb. O, "Sent Etyen"in idman direktoru Loik Perren və klubun baş menecerinin müavini Samuel Rustemin diqqətini ötən mövsüm UEFA Konfrans Liqası qarşılaşmalarında cəlb edib. Təcrübəli hücumçu 2021-ci ilin yayından çıxış etməyə başladığı "Qarabağ"da 36 oyuna 26 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
"Qarabağ" 2014/2015 mövsümündə Avropa Liqasının qrup mərhələsində "Sent Etyen"lə üz-üzə gəlib və evdə 0:0, səfərdə 1:1 hesablı heç-heçə edib.
Qeyd edək ki, hazırda Fransa Liqa 2-də mübarizə aparan "Sent Etyen" mövsümə -3 cərimə xalı ilə başlayıb. Klub 5 oyundan 3 xal toplayaraq, mənfi saldonu sıfırlasa da, hazırda sonuncu - 20-ci pillədə qərarlaşıb.