“Transfermarkt” Avropa Liqasının qrup mərhələsində iştirak edəcək klubların futbolçularının dəyərinə görə siyahısını dərc edib.
Teleqraf.com Qol.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi turnirin ən kasıb heyətləri sırasında 3-cü yerdədir. "Qarabağ"da futbolçuların ümumi dəyəri 14,08 milyon avro olaraq qiymətləndirilir. Bu nəticə ilə komanda 32 klub arasında 30-cu pillədə qərarlaşıb. Ağdam təmsilçisi təkcə Kipr AEK-ni (12,03 milyon avro) və Finlandiya HJK-ni (9,20 milyon) qabaqlayır.
Bu göstəricidə lider isə “Mançester Yunayted”dir (736,80 milyon avro). “Arsenal” 2-ci (646,50 milyon avro), “Roma” 3-cüdür (415,85 milyon avro).
“Qarabağ”ın yer aldığı G qrupunda klubların futbolçularının dəyərləri "Frayburq"da (Almaniya) 150,35 milyon avro, “Olimpiakos”da (Yunanıstan) 118,25 milyon avro, “Nant”da (Fransa) isə 94,30 milyon avro təşkil edir.