Rumıniyanın Konstantsa şəhərində çimərlik güləşi üzrə U-17 dünya çempionatı keçirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.
Bildirilib ki, baş məşqçi Oyan Nəzəriani və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında mundialda Azərbaycanı 4 idmançı təmsil edib.
Hüseyn Sevdimov (50 kq), Ziya Göyüşov (60 kq), Vüsal Əliyev (70 kq) və Anar Cəfərli (80 kq) uğurlu çıxış edib. Belə ki, Azərbaycan güləşçiləri bütün rəqiblərinə qalib gələrək dünya çempionu olublar.
Beləliklə, maksimum nəticəyə imza atan yığma 100 xalla komanda hesabında dünya çempionu olub. Moldova 61 xalla ikinci, Fransa isə 48 xalla üçüncü yeri tutub.
Xatırladaq ki, milli komanda iyulda Yunanıstanın Katerini şəhərində keçirilən Avropa çempionatında da maksimum nəticə göstərib.