5 Oktyabr 2022 10:22
442
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bəzən proqramımızda dəyişikliklər olur və oyuna bir gün qalmış səfərə gedirik. Vaxtımız az idi və istədik ki, əsas məşqimizi Bakıda edək”.

Teleqraf.com xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

O, UEFA Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda “Olimpiakos”la səfər oyunu öncəsi Heydər Əliyev Hava Limanında jurnalistlərin suallarını cavablandırıb. Təcrübəli mütəxəssis komandanın səfər oyununa matça cəmi 1 gün qalmış yollanmasına aydınlıq gətirib: “Ümumi vəziyyət pis deyil. Futbolçuların durumu da əvvəlki günlərə nisbətən yaxşıdır. Mən “Olimpiakos”da yeni komanda demək istəyirəm, çünki son məşqçi dəyişikliyindən sonra tamam fərqli oyun göstərdilər. Onlarla yaxından tanış olduq. Yaxşı oyun göstərmək üçün səfərə yollanırıq”.

Qurbanov yarımmüdafiəçi Marko Yankoviçin zədəsindən söz açıb: “Heyətlə bağlı bir problem var ki, Marko Yankoviç zədəlidir. “Neftçi” ilə oyundan sonra özünü pis hiss edirdi. Dünən fərdi qaydada məşq elədi. Bu gün səhər isə klinikadan gəlirdi, hansı ki, müalicəsinin bir hissəsini orda davam etdirir. Onu edib hava limanına gəldilər. Yenə də sabaha kimi vaxt var və qərarı verəcəyik”.

Çalışdırıcı “hansı nəticəni gözləyirsiniz” sualına belə cavab verib: “İstəyərəm ki, qələbə bizimlə olsun. Amma hər şeyi nəzərə almaq lazımdır. Rəqib komandanın rəhbərliyi iki məğlubiyyətdən sonra dəyişiklik elədi. Görünən odur ki, hədəfləri var. Bizimlə oyuna çox ciddi hazırlaşırlar. Mənim üçün ən narahatedici məqamdır ki, rəqib baş məşqçi dəyişir. Bu dəfə çalışacağıq ki, hər şey qaydasında olsun. “Olimpiakos” bizi daha yaxşı tanıyır, çünki illərdir eyni sistemlə işləyirik. Belə vəziyyətlər bizə təcrübə qazandırır. Belə cür matçlarda daha çox əvvəlcədən deyil, oyunun gedişində detalları dəyişmək lazım olur. O detalları biz əvvəlcədən görmürük, bilmirik. Futbolçuların üzərinə çox yük düşəcək. Konsentrasiya, motivasiya qaydasında olmalıdır. Ola bilər ki, biz rəqibin oyunçularını yaxşı tanıyırıq, amma bəzi şeyləri sadəcə görməmişik, meydanda biləcəyik”.

Qeyd edək ki, oktyabrın 6-da "Georgios Karaiskakis" stadionunda keçiriləcək "Olimpiakos" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Müəllif: Teleqraf.com