Şəhid jurnalist Məhərrəm İbrahimov və Sirac Abışovun xatirəsinə həsr olunmuş həvəskar komandalardan ibarət Ənənəvi Futbol Turnirinin açılış mərasimi olub.
Teleqraf.com-un məlumatına görə, Ardanış Futbol Akademiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin, rayon Gənclər və İdman İdarəsinin nümayəndələri, MEDİA agentliyinin şöbə müdiri Natiq Əhmədli, "Report" İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev, baş redaktoru Murad Əliyev, rayon bələdiyyələrinin nümayəndələri və digər şəxslər iştirak edib.
Bundan əlavə, açılış mərasiminə şəhid jurnalist Məhərrəm İbrahimovun qardaşı Əsgər İbrahimov, Sirac Abışovun qardaşı Şirzad Abışov da qatılıb.
İlk olaraq şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın dövlət himni səsləndirildikdən sonra çıxışlar olub. Burada turnirin əhəmiyyətindən söz açılıb, şəhidərə Allahdan rəhmət dilənib.
Açılış mərasimindən sonra A və B qrupunda 2 qarşılaşma baş tutub. Meydana ilk olaraq “Ardanış” və “Sadaxlı” komandaları çıxıb. Görüş "Ardanış"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Media” - “Novoivanovka” oyununda qalib müəyyənləşməyib - 5:5.
A Qrupu
“Ardanış” - "Sadaxlı” - 2:1
Qollar: Emin Qasımov, Əsgər İbrahimov - Nihan Vəıiyev
B qrupu
“Media” - “Novoivanovka” - 5:5
Qollar: Rüstəm Abdullayev (3) Elmin Əlizadə (2) - Emin imaməliyev (2), Samir Əliyev (2), Qasım Məmmədov
Turnirin məqsədi Birinci və İkinci Qarabağ savaşında canlarını fəda etmiş mərd mübarizlərin xatirəsini anmaq, 44 günlük Vətən müharibəsi iştirakçılarının qəhrəmanlıq nümunələrini yaşatmaq, Məhərrəm və Siracın timsalında şəhid olan igidlərin öz peşələrindən əlavə, idmana olan marağını gənclərə aşılamaq, yeni nəslin sağlam ruhda vətənpərvər böyüməsinə töhfə verməkdir.
Ənənəvi Futbol Turnirində 6 komanda - “Ardanış”, “Göyçə”, “Sadaxlı”, “Ada Təpə”, “Novoivanovka” və “Media” mübarizə aparır.
Turnir hər birində 3 komanda olmaqla 2 qrupdan ibarətdir və 8 Noyabr - Zəfər Günü başa çatacaq. Dairəvi sistemlə keçiriləcək mübarizə nəticəsində qrupda 1 və 2-ci yeri tutan komandalar yarımfinala yüksələcəklər. Yarımfinalda qalib gələnlər isə final matçında iştirak edəcəklər. Xatirə turnirində qalib komandalara, eləcə də “ən yaxşı futbolçu”, “ən çox qol vuran”, “ən yaxşı qapıçı" və “ən gənc oyunçu” nominasiyaları üçün mükafat, kubok, medal və hədiyyələr nəzərdə tutulub.
İştirakçılar arasında 44 günlük Vətən müharibəsi zamanı ön cəbhələrdən şəhid həmkarları kimi operativ xəbərlər, reportajlar hazırlayan jurnalistlər də var. Şəhid jurnalist Məhərrəm İbrahimovun qardaşı Əsgər İbrahimov "Ardanış", Sirac Abışovun qardaşı Şirzad Abışov isə “Media” komandasında çıxış edir.
“Sultan keramik” və “Bee Tours”un sponsorluğu, “Mister Tum”un tərəfdaşlığı ilə keçiriləcək Ənənəvi Xatirə Turnirinə informasiya dəstəyini “Report” İnformasiya Agentliyi və Rakus.az saytı verəcək.
Xatırladaq ki, işğaldan azad olunmuş ərazilərin, Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılmış yaşayış məntəqələrinin çəkilişini həyata keçirən jurnalistləri aparan nəqliyyat vasitəsi 2021-ci il iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşüb. Nəticədə Azərtac İnformasiya Agentliyinin əməkdaşı 1982-ci il təvəllüdlü Məhərrəm İbrahimov (Əlioğlu), Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Əliyev Arif Ağalar oğlu xidməti vəzifələrini yerinə yetirərkən həlak olub, dörd nəfər yaralanıb.
Prezident İlham Əliyev iyunun 14-də işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş Abışov Sirac Abış oğlu, Əliyev Arif Ağalar oğlu və İbrahimov Məhərrəm Əli oğlunu "3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.