"Qapçılıq fərqlidir. Hər kəs bizə dəli deyir, müxtəlif adlar qoyur amma bunun səbəbi daim təzyiq altında işləməyimiz və meydanda digərlərindən fərqli düşünməymizdir”.
Teleqraf.com xəbər verir ki, bu sözləri "Bliçer Report"a "Qarabağ"ın keçmiş qapıçısı, uzun müddət "İngiltərə Premyer Liqasında"da oynamış bosniyalı qolkiper Asmir Beqoviç deyib.
Beqoviçin karyera illəri elə bir zamanı əhatə edir ki, müasir dövrlə keçmiş dövrün qapıçıları arasında olan tələblərin necə dəyişdiyini ən yaxşı bilənlərdən biri də odur.
Təbii ki, futbolda bütün mövqedə oynayan oyunçulardan tələblər illər keçdikcə dəyişir: artıq müdafiəçilərdən daha yaxşı pas vermə bacarığı tələb olunur, qapı qarşısında top gözləyən standart "9 nömrə"lər tarixə qovuşur. Amma son 25 ildə heç bir mövqe qapıçı qədər dəyişiklikliyə məruz qalmayıb.
Bu gün müasir futbolda pas vermə bacarığı olan, oyunu oxuyan, ayaqla oynamağı bilən qapıçılar 10-15 il əvvəl demək olar ki, yox idi. Çünki onlardan heç kim bu xüsüsiyyətləri tələb etmirdi. Həmin dövrdə qapıçıların əsas tapşırığı topun tora getməsinə mane olmaq idi.
Hazırda isə güclü qapıçı olmaq üçün tələb olunan bacarıqlar artıb: qurtarış və refleks yenə də ən vacib tələbdir, lakin top paylamaq, oyunu oxumaq, ayaqla oynama bacarığı, fiziki keyfiyyətlər və atletizim kimi xüsusiyyətlər olmadan müasir dövrdə güclü qapıçı adlandırılmaq qeyri-mümkündür.
Asmir Beqoviç günümüzdə yaxşı qolkiper olmaq üçün qoyulan tələbləri sadalayır:
1. Qurtarış
“Hazırda qapıçılar üçün tələblər nə qədər artsa da ən önəmli bacarıq hələ də qurtarış hesab olunur. Bu, hər şeyin təməlidir”.
Beqoviçə görə çox çalışmaqla bu bacarığı yüksək səviyyədə inkişaf etdirmək mümkündür:
"Bunun üçün müxtəlif üsullar var. Fiziki hazırlıq, qaçış məşqləri, meydanda düzgün mövqe seçimi və s. Hazırda gənc qapıçıların ən böyük problemlərindən biri qərarvermə ilə bağlıdır. Onlar qapıya gələn topları tutmaqla uzaqlaşdırmaq arasında seçim edə bilmirlər. Xüsusilə də sürətli keçən və topun meydanda çox hərəkət etdiyi oyunlarda".
2. Əllə oynama bacarığı
Zərbəni uzaqlaşdırmaqla topu götürüb rəqib hücumuna son qoymaq arasında fərqlər var. Bəzən qapıçılar topu uzaqlaşdırmaq istədiyi zaman onu rəqib oyunçularının önünə və ya komanda yoldaşları olmayan zonalara atır.
Beqoviçə görə istedadlı əllərə sahib olmaq böyük üstünlükdür:
"Topu tutmaq əvəzinə uzaqlaşdırmağı seçiriksə, onun getdiyi zona və məsafə çox önəmlidir. Düzgün formada uzaqlaşdırılan zərbə komanda üçün problem yaratmır".
3. Reflekslər
Azarkeşlərə görə qapıçıların ən yaxşı bacarığı onun refleksləridir. Yaxın məsafədən vurulan zərbəyə anında cəld şəkildə reaksiya göstərmək, bədən hərəkətləri, sıçrayış azarkeşlərlərə böyük həyacan verir.
Asmir hesab edir edir ki, bir çox qapıçı uzun sürən məşqlərlə refleks bacarığını artıra bilər:
"Sadə və gərgin məşqlərlə bunun üzərində çalışmaq və inkişaf etdirmək mümkündür. Tennis və pinpon topları, müxtəlif rəngdə olan futbol topları ilə məşğul olmaq lazımdır. Bundan əlavə refleksi artırmaq üçün müxtəlif alətlər və texnoloji yeniliklər var"
Beqoviç müasir dövrdə Keylor Navas və De Xeyanın reflekslərini çox bəyənir:
"Onlar çox cəld və sürətlidi, demək olar ki, hər zərbəyə reaksiya göstərməyi bacarırlar"
4. Hava hakimiyyəti
Hava topları ilə mübarizə aparmaq qapıçıların ən çox çətinlik çəkdiyi anlardan biridir.
"Zamanlama, texnika, və düzgün qərar vermə bacarığı" - Beqoviç düşünür ki, bunlar havadan gələn topları uzaqlaşdırmaq üçün çox önəmlidir:
"Qapını yarıya qədər tərk etməkdənsə sona qədər qapıda qalmaq daha yaxşıdır. Əgər çərçivəni tərk edirsinizsə, topu götürəcəyinizdən 100 % əmin olmalısınız, top rəqib oyunçunun ayağından çıxdığı anda qərar vermək lazımdır, sənə 2-3 metr yaxınlaşdığı zaman yox. Vəziyyəti düzgün qiymətləndirib hər kəsdən əvvəl hərəkət etməlisən, yalnız bu halda hava toplarında uğurlu ola bilərsiniz"
5. Penalti dəf etmək
Qapıçıların qəhrəman elan edilməsi üçün penalti qurmaqdan daha yaxşı vəziyyət ola bilməz. 11 metrdən vurulan zərbələri qaytarmaq heç də asan deyil, lakin bu xüsüsiyyətdə digərlərini qabaqlamağı bacaran çərçivə qoruyucuları az deyil.
Beqoviç düşünür ki, bunun üçün bir neçə üsul var:
"Penaltilərə hazırlaşmaq əvvəlki dövrlərə nisbətən daha asandır. Texnologiya inkişaf edib və rəqiblər haqqında daha çox məlumat əldə edirik.
Amma şans faktoru da çox önəmlidir. Qapıçı heç vaxt penalti zərbələri zamanı "favorit" hesab olunmur. Hər kəs zərbə vuran oyunçunu daha üstün hesab edir. Bizim işimiz isə mümkün olduğu qədər bunun qarşısını almaqdır".
6. Top paylama (ayaqla)
"Bu artıq müasir futbolun bir parçasına çevrilib. Bir çox məşqçilər oyunu arxadan qurmağa başlayıb. Buna görə də qapıçıların üzərinə böyük yük düşür. Onlardan qapıdan oyunu başlatmaq tələb olunur. Buna görə də artıq oyunların tempi dəyişməyə başlayıb. Bir çox hallarda ayaqlar əllərdən daha çox işləmək məcburiyyətində qalır. Hər qapıçı bu tempə və tələblərə öyrəşə bilmir. Təzyiq altında düzgün qərar vermək lazımdı"
7.Top paylama (əllə)
Komandanın cəld şəkildə hücuma çıxması üçün ayaqla oynamaqdansa bəzən əllə komanda yoldaşlarına ötürmək saha faydalı olur.
Beqoviçə görə bu hər zaman futbolun bir parçası idi:
"Əvvəlki dövrlərdə də qapıçılardan bu xüsüsiyyət tələb olunurdu lakin son dövrlər yenidən gündəmə gəlib"
8. "Son müdafiəçi"
Müasir futbolda qapıçılar zaman-zaman önə çıxır, son müdafiəçi kimi çıxış edirlər.
Beqoviç düşünür ki, qısa vaxt ərzində bunu öyrənmək və yüksək səviyyədə icra etmək mümkün deyil:
"Anında qərar verib irəli çıxmaqla risk alırsınız, əgər uğurlu olsaz bu komandanın oyununa müsbət formada təsir edəcək. Bu mövqedə oynamağı öyrənənə qədər bir çox səhvlər olacaq. Önəmli olan səhvlərdən nəticə çıxarmaqdı.
Qapıçılardan son müdafiəçi kimi oynamaq tələb olunandan bəri onlar inkişaf etdilər. fiziki hazırlıqlı, atletik oyunçulara çevrildilər. Əvvələr onlar sadəcə cərimə meydançasında rəqib hücumlarını gözləyirdilər. Lakin indi oyuna daha aktiv formada qoşula bilirlər. Bu əladır. Ümid edirəm ki, uzun müddət davam edər".