30 Oktyabr 2022 18:12
732
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Futbolçularımı təbrik edirəm. Çox əziyyət çəkdilər. Komandada yorğunluq var idi".

Teleqraf.com xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Şamaxıda eyniadlı komandaya 4:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XII tur oyunundan sonra mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis süni örtüyə görə topla rahat davrana bilmədiklərini söyləyib: "İkinci hissədə daha sərbəst oynadıq. Çox vacib qələbə qazandıq. “Şamaxı”ya uğurlar arzu edirəm”.

O bildirib ki, Kevin Medinanı son 15 dəqiqədə meydana buraxmaq əvvəldən planında olub: "Hətta onu meydanda daha çox görmək istəyirdim. Lakin Filip Ozobiçin meydandan tez çıxması müəyyən qədər planlarımızı pozdu".

Baş məşqçi matçın sonlarına yaxın 4 hücumçu ilə oynamalarının səbəbini də açıqlayıb: "Bəzi oyunçuların 20-25 dəqiqə meydanda olmasını istəyirdik. Bunu həm məşq xarakterli etdik, həm də onların yerdəyişmələri hiss etmələri üçün. Sabah nə olacağlnı bilmirik. Ona görə də bəzi rotasiyalara əl atdıq".

Qurbanov oyun ərzində müəyyən çətinliklər yaşadıqlarını etiraf edib: "Qazon süni idi, top yerdən çox qalxırdı. Komandada yorğunluq da var. Ardıcıl oyunlar təsirini göstərir. Hava da sanki həddindən artıq təmiz idi. Ola bilər ki, bu da futbolçulara təsir etsin. “Şamaxı”nın oyunlarına baxmışam. Əksər oyunlarda komanda uduzmalı deyildi. Burada bütün rəqiblər çətinliklə üzləşirlər".

Təcrübəli mütəxəssis deyib ki, erkən çempionluq çox yaxşı olardı: "Amma mövsümün heç yarısını oynamamışıq. Qarşıda hələ çox matçlar olacaq. Çempionluğun taleyini tez həll etməyi düşünsək, bu, komandaya mənfi təsir göstərər".

O, gənc furbolçu Nəriman Axundzadənin debütünü də şərh edib: "Çıxışından razı qaldım. İlk hissədə oyuna tam qoşula bilməsə də, ikinci yarıda meydanda daha rahat hərəkət edirdi".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər