"Futbolçularda yorğunluq hiss olunur".
Teleqraf.com xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Kəpəz"ə 3:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XIII tur oyunundan sonra mətbuat konfransında deyib.
50 yaşlı mütəxəssis vacib qələbə qazandıqlarını bildirib: "Matç gərgin keçdi. Futbolçular sonadək ayaq üstə dayana bildilər, qələbə üçün çalışdılar. Tərlan Əhmədov maraqlı komanda formalaşdırıb. Öz oyun üslubu var, rəqibdən çəkinmirlər. Onlara uğurlar arzulayıram, futbolçularımı təbrik edirəm".
Baş məşqçi hakimlik haqqında danışmaq istəməyib. Qurbanov istirahətə vaxtlarının olmadığını sözlərinə əlavə edib: "Əsas futbolçular istirahət etsin, biz birtəhər yoluna qoyarıq. Yorğunluq, gərginlik olur. Məşqçi yorğunluğu tam başqadır. Düşüncələr də çoxdur. Yazılar, müsahibələr oxuyuram, diskussiyalar olur. Mənim üçün xoşdur. Təki belə yorğunluq olsun və hər şey yaxşılığa doğru getsin. Azarkeşin razı qalması, komandanın yaxşı oynaması mənim istirahətimdir".
Mütəxəssis XIV turda "Sabah"la görüşə toxunub: "Çox istərdim ki, hər iki komanda ən yaxşı formasında olsun və baxımlı, sürətli oyun alınsın. Ən gərgin və vacib dönəmdəyik. Oyunlar nə qədər yorursa, səfərlər daha ağırdır. Tovuz səfəri də asan deyil. Dözməliyik. Futbolçular bunu qəbul etməlidirlər. İstəklərimizdən əl çəkməyəcəyik. Narahatlığım var. Çalışıb, düzgün qərar verməyə çalışacağıq".