"Çox çətin oyun keçdi. Qarşımızdakı rəqibin “İnter” olduğunu nəzərə alsaq, düşünürəm ki, layiqli mübarizə apardıq".
Qol.Az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın futbolçusu Namiq Yusifov Avropa Liqasının qrup mərhələsinin son turunda 0:0 bərabərə qaldıqları "İnter"lə oyundan sonra jurnalistlərə açıqlamasında deyib.
N.Yusifov komandasının turnirdə mübarizəni dayandırmasına baxmayaraq qazanılan altı xalın pis nəticə olmadığını bildirib: "Qrupda altı xal toplamaq fikirimcə pis nəticə deyil. Amma belə vəziyyətin yaranması bizi həqiqətən məyus etdi. ”Dnepr” - ”Sent-Etyen” oyununda baş verənlərdən də xəbərimiz var idi.
Sanki elə bil hər şey bizə qarşı idi. Klub rəhbərliyi də komandanı göstərdiyi oyuna görə təbrik etdi. Tahir bəy oyunçuların yanına gəlib, “başınızı uca tutun” -dedi. Komandamızın əsas diqqəti artıq çempionata yönələcək. ”Qarabağ”ın hədəfi həmişə yüksək yerlər uğurunda mübarizə aparmaqdır".