23 Noyabr 2022 15:51
588
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya bu gün dünya çempionatında mübarizəyə başlayır.

Teleqraf.com xəbər verir ki, "bundestim" əsrin əvvəllərindən bu günə kimi keçirilən 5 çempionatdan 4-də ən azı yarımfinala qədər yüksəlməyi bacarıb.

Dörd il əvvəl isə komanda böyük uğursuzluqla üzləşdi. Meksika və Cənubi Koreyaya uduzan almanlar turnirlə erkən vidalaşdı. Ona görə də Avropa təmsilçisi bugünkü oyuna ciddi hazırlaşıb.

Komandanın müdafiəçisi Nikas Süle düşünür ki, Cənubi Koreyaya qarşı oyun artıq geridə qalıb:

"Həmin oyunu unutmuşuq, biz uğursuzluğa yer verilməyən bir cəmiyyətdəyik və daim irəliyə baxırıq. Dünən baş verənlər heç kimi maraqlandırmır".

Hansi Flikin yetirmələri ev sahibi Qətərdən sonra mundiala vəsiqə qazanan ikinci milli komandadır. Seçmə mərhələdə 36 qol vuran "panzer"lər bu nəticədə yalnız İngiltərədən geri qalır (39 qol).

Bu il dünya çempionatında debüt edəcək gənc alman ulduz Camal Musiala isə kuboku qazanmaq üçün əllərindən gələni edəcəyini bildirib:

"Bizim çempion olmaq üçün əla heyətimiz və məşqçimiz var. Kuboku qazanmaq istəyirik və buna inanırıq".

Yaponiya yığması isə Dünya çempionatında keçirdiyi son 8 oyunun yalnız birində qalib gəlib.

Asiyalılar sonuncu qələbələrini 2018-ci ildə Kolumbiyaya qarşı qazanmışdılar. DÇ-də ardıcıl 7 dəfə iştirak edəcək yaponlar bu turnirdə böyük təcrübəyə sahibdir.


Müəllif: Pərviz Qaralov

Oxşar xəbərlər