24 Noyabr 2022 00:28
826
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya milli komandası dünya çempionatının E qrupunun ilk turunda sürpriz şəkildə Yaponiyaya məğlub oldu.

Teleqraf.com xəbər verir ki, Hansi Flikin yetirmələri ilk hissəni öndə bitirsələr də, ikinci hissədə yaponların 75 və 84-cü dəqiqələrdə vurduğu iki qol vəziyyəti tamamilə dəyişdi.

Oyundan bir neçə gün öncə yaponlar İkinci Dünya müharibəsindən sonrakı illərdə ölkədə futbolun inkişafına göstərdiyi xidmətlərə görə alman məşqçilərə təşəkkür etmişdi.

Amma "Xəlifə" stadionunda əzmkar qələbə qazanan Asiya təmsilçisiləri öz "müəllimlərini" məğlub etməyi bacardı.

Rəqibi öz silahı ilə vurdular

Yaponiya yığmasının 8 oyunçusu Almaniya Bundesliqasında çıxış edir.

Asiyalılar "Bohum"da çıxış edən Takumo Asanonun qolu ilə hesabı bərabərləşdirdi. "Borusiya"da oynayan İtakuranın ötürməsindən sonra "Frayburq"lu Ritsu Doanın qolu ilə qələbə qazandılar. Maraqlıdır ki, qolları vuran hər iki oyunçu meydana sonradan daxil olmuşdu.

Takumo Asano Oyuna 57-ci dəqiqədə girməsinə baxmayaq iki alman futbolçunu çıxmaqla rəqib cərimə meydançasında ən çox topla oynayan oyunçu oldu.

Oyundan sonra jurnalistlərə açıqlama verən Yaponiyanın baş məşqçisi Moriyasu rəqibin böyük təzyiqi ilə üzləşdiklərini etiraf etdi:

"Bütün komanda ilə hücum edirdilər. Əvvəlki illərdə olsaydıq, bəlkə də məğlub olardıq, amma Avropada və Almaniyada oynayan oyunçular bu təzyiqə hazırlıqlı idi. Ona görə də oyundan qopmadıq".

Yapon məşqçi tarixi qələbədə oyunçularının böyük əməyi olduğunu vurğuladı:

"İlk hissədə buraxılan qoldan sonra oyunçularım ruhdan düşmədi, sona qədər mübarizə apardı. Oyuna aqressiv başlamaq istəyirdik, amma rəqib çox güclü idi, buna görə də səbrlə müdafiə olunmalı və əlimizə düşən fürsətlərdən maksimum dərəcədə yararlanmalı idik. Bir neçə taktiki seçimimiz vardı, mümkün ssenariləri hesaba qatmışdıq, qol buraxma ehtimalımız yüksək idi, buna baxmayaraq hər şey planladığımız kimi oldu".

Yaponiyanın qapıçısı Şuici Qonda da oyunun çox çətin keçdiyini bildirdi:

"Var gücümüzlə mübarizə apardıq. Bizim üçün çox çətin idi, amma bu dünya çempionatıdı və hər kəs oynamaq istəyir. Əvəzetmədən oyuna daxil olan oyunçular komandaya əlavə güc verdi. Bəlkə də fərdi oyunçularımız o qədər də güclü deyil, amma komanda şəklində qalib gəlməyi bacardıq".

Almaniya tərəfi isə oyundan sonra əsəbi və məyus görünürdü.

Komandasının yeganə qolunun müəllifi İlkay Gündoğan oyundan sonra məyusluğunu gizlətmədi:

"Onların işini xeyli asanlaşdırdıq. Xüsusilə ikinci qolda böyük səhv etdik. Düşünürəm dünya çempionatında bundan daha asan qol vurulmayıb. Belə səhvlər etməməli idik. Oyunun böyük hissəsinə nəzarət edirdik. Noyer bir neçə epizodda bizi xilas etdi. Ön xəttə inanılmaz qol epizodları əldə etsək də bundan yararlana bilmədik. 8 dəqiqə ərzində 2 qol buraxmaq çox ağırdır".

"Mançester Siti"nin ulduz futbolçusu topu tez-tez və asanlıqla itirdiklərini vurğuladı:

"Geridən gələn toplarda çətinlik çəkdik, ikinci hissədə uzun ötürmələrdən çox istifadə etdik və qısa paslarda ciddi səhvlərimiz oldu. Sanki oyunçular topla oynamaq istəmirdilər".

Komandanın baş məşqçisi Hansi Flik məğlubiyyətə görə məyus olduqlarını bildirdi:

"Bu, bizim üçün ağır nəticədi. Yaponiya əlinə düşən fürsətlərdən maksimum yararlandı. Fərdi səhvlərə yol verməməli idik".


Qapıçı Mauel Noyer məğlubiyyətin səbəbkarı olaraq özlərini göstərdi:

"Yaxşı müdafiə oluna bilmədik. Müdafiə olunan zaman sakitliyimizi qorumadıq. Özümüzə güvənib daha yaxşı oynasaydıq nəticə fərqli ola bilərdi. Əgər əlinizə düşən fürsətlərdən yararlanmırsınızsa sonda cəzalanırsız. Bu futboldu. Bunun səbəbkarı özümüzük. Nəticəyə görə çox məyusuq".


Müəllif: Pərviz Qaralov

Oxşar xəbərlər