2-5 dekabr 2022-ci il tarixlərində Bakı İdman sarayının arenasında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kişilər və qadınlar arasında cüdo üzrə Azərbaycan çempionatı keçirilib.
Teleqraf.com xəbər verir ki, çempionatda 68 müxtəlif klub, cəmiyyət və idman təşkilatından 500-ə yaxın cüdoçu mübarizə apararaq öz qüvvəsini sınayıb. Yarışda iştirak edən Azərbaycan milli yığma komandasının və Fövqəladə Hallar Nazirliyinin yığma komandasının üzvü Nazir Talıbov -60 kq çəki dərəcəsində 7 döyüş keçirərək bütün rəqiblərinə qalib gəlib və fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq Azərbaycan çempionu adına layiq görülüb. Qalibə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin diplomu və Azərbaycan Cüdo Federasiyasının təsis etdiyi medal təqdim olunub.
FHN İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev yarışda uğur qazanmış idmançı və onun məşqçi müəllimləri Elçin İsmayılov və Arzu Axundov ilə görüşüb, idmançını əldə etdiyi nailiyyətə görə təbrik edərək ona gələcək yarışlarda uğurlar arzulayıb.
Qeyd edək ki, Nazir Talıbov 2023-cü ilin yanvar ayında Portuqaliyanın Almada şəhərində keçiriləcək cüdo üzrə “Grand Prix”də iştirak edəcək.