14 Dekabr 2014 23:18
949
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Atçılıq Federasiyasının (FEI) Bakıda keçirilən Baş Assambleyasında yeni seçilmiş prezidenti İnqmar de Vos mətbuat konfransı keçirib.

Ona bu etimadın göstərilməsinə görə hər kəsə təşəkkürünü bildirən İnqmar de Vos gələcək planları haqqında da danışıb.

İnqmar de Vos Federasiyanın əvvəlki prezidenti, İordaniya Şahzadəsi xanım Haya Bint Al Hüseynin Federasiyanın prezidenti olduğu 8 il müddətində gördüyü işləri yüksək dəyərləndirib.

O qeyd edib ki, xanım Haya Bint Al Hüseyn təşkilat üçün böyük işlər görüb: "8 il ərzində xanım Haya Bint Al Hüseyn Federasiyanı yalnız idman yönümlü təşkilatdan digər aspektləri də əhatə edən bir təşkilata çevirdi. O həmçnin qarşıda duran məsələləri necə həll etmək, təşkilatı nə cür irəli aparmaq, daha yaxşı idman konsepsiyaları işləyib hazırlamaq, medianın diqqətini necə cəlb etmək sahəsində özünəməxsus bir ənənə yaratdı. Hesab edirəm ki, biz bu irsi qoruyub saxalamalıyıq, amma eyni zamanda bizim qarşımızda yeni məsələlər dayanır".

İnqmar de Vos qeyd edib ki, atçılıq idman növü digər idman növləri ilə rəqabət mühitindədir. Onun sözlərinə görə, bütün idman növləri medianın diqqətini daha çox cəlb etmək, daha çox tanınmaq kimi məsələlərdə sanki bir mübarizə aparırlar:

"Təbii ki, bu da bizim qarşımızda dayanan ən mühüm məsələlərdən biridir. Biz həm atçılıq idman sahəsində fəaliyyət göstərən insanlarla, həm də bizə dəyərli məsləhət verə biləcək digər insanlarla sıx əməkdaşlıq şəklində işləməliyik ki, təşkilatımızı daha təkmilləşdirək, insanların bu idman növü barədə anlayışını daha da yaxşılaşdıraq. Yəni bizim qarşımızda böyük bir məsuliyyət dayanır. Biz birgə işləyərək atçılıq idman növünü daha da inkişaf etdirmək, bunu daha qlobal idman növünə çevirməliyik".

Qeyd edək ki, dekabrın 11-14-də Bakıda Azərbaycan Atçılıq Federasiyasının (ARAF) dəvəti ilə Bey­nəlxalq Atçılıq Federasiyasının ali orqanı olan Baş Assam­bleyanın illik iclası keçirilib. İclasda Beynəlxalq Atçılıq Federasiyasının 350-dən çox nümayəndəsi və 110 ölkədən fəxri qonaqlar iştirak ediblər. Bu, indiyədək keçirilmiş Baş Assambleyalar tarixində re­kord göstəricidir.

Bey­nəlxalq Atçılıq Federasiyası (FEI) Baş Assambleyasının iclası dünyada atçılıq idmanı sahəsində mühüm hadisələrdən biridir. Hər il müxtəlif şəhərlərdə keçirilən tədbir bu il ilk dəfə Bakıda təşkil olunur. Bütün atçılıq milli federasiyalarının nümayəndələrinin toplaşdıqları forumda atçılıq idmanı qaydalarının inkişafının ən əhəmiyyətli məsələləri, maliyyələşmə problemləri, idarəetmə məsələləri və s. müzakirə edilir, qərarlar qəbul olunur.

Baş Assambleya çərçivəsində Azərbaycan Atçılıq Federasiyası (ARAF) tərəfindən Bakıda “Mangal Steak House” restoranında Beynəlxalq Atçılıq Federasiyası (FEI) Baş Assambleyası iştirakçılarının şərəfinə “Azərbaycana xoş gəlmişsiniz!” adlı qala-ziyafət təşkil olunub. Bayram gecəsinin qonaqlarına Azərbaycan milli mətbəxinin nəfis təamları təqdim olunub. Gecədə xalq musiqisi, muğam və rəqs kollektivlərinin iştirakı ilə konsert proqramı keçirilib.

İordaniya Şahzadəsi xanım Haya Bint Al Hüseyn də FEI-in Bakıda keçirilən Baş Assambleyasının iştirakçılarının şərəfinə “Dağüstü Park Cafe”də xüsusi kokteyl-gecə təşkil edib. Bundan əlavə Qonaqların Bakı şəhəri ilə yaxından tanış olması məqsədi ilə dekabrın 11, 12, 13-də şəhər turları təşkil olunub. Gə­zintilər Xal­çaçılıq Muzeyini, Dövlət Bayrağı Meydanını, Heydər Əliyev Mərkəzini və Qala Tarixi Muzey Kompleksini əhatə edib./trend/


Müəllif:

Oxşar xəbərlər