DÇ-2022-də bu gün yarımfinal mərhələsi start götürəcək. Çempionatın sonuna yaxınlaşdıqca müzakirələr və bunun fonda yaranan gərginlik artmağa davam edir. Kristiano Ronaldonun Portuqaliya millisi ilə mübarizəni dayandırmasından sonra bütün gözlər dünyanın digər süper ulduzu Lionel Messinin üzərindədir.
Teleqraf.com xəbər verir ki, 35 yaşlı futbolçu "Star+"a verdiyi bir reportajda dünya çempionatından sonra karyerasını bitirəcəyini açıqlayıb:
"Artıq günləri sayıram. Mənim üçün sonuncu dünya çempionatıdır, bundan əminəm".
Argentinalı oyunçu daha əvvəl də bu cür kritik qərar vermişdi. 2016-ci il "Kopa Amerika"nın finalında Çiliyə məğlub olduqdan sonra üzgün bir şəkildə milli komandadan ayrıldığını açıqlamışdı. Messi həmin oyunda penalti zərbəsini qaçırmış və oyundan dərhal sonra verdiyi açıqlamada çox emosional fikirlər səsləndirmişdi:
"Soyunub-geyinmə otağında oturub düşündüyüm zaman mənim üçün hər şeyin sona çatdığını anladım. İndiyə kimi dörd final matçında məğlub olduq. Bu, mənə görə deyil. Artıq milli karyeram bitti".
Lakin bir neçə ay sonra fikrini dəyişən ulduz futbolçu yenidən La Aliselestaya geri qayıdıb 2021-ci ildə milli komanda ilə "Kopa Amerika"nın qalibi oldu. Final matçı Braziliyanın məhşur "Marakana" stadionunda keçirilirdi. Rəqib isə meydan sahibi Braziliya idi. Oyundan öncə komanda yoldaşlarını qələbəyə ruhlandıran Leo, bura onları tanrının göndərdiyini söyləyirdi: "Hər birimiz Argentina-Braziliya oyununun hansı məna daşıdığını bilirik. Ona görə də bu haqda daha çox danışmayacam. Sadəcə sizə təşəkkür etmək istəyirəm . 45 gündür ki, biz dayanmadan səyahət edirik. Günümüz otellərdə keçir. Dibunun (Emilyano Martinez - red) qızı olub amma hələ də onun üzünü görə bilməyib. Bir çoxumuz uzun müddətdir ki, ailəmizdən uzaqdayıq. Bütün bunların mənası nədir? Çünki bizim hədəfimiz var. Tanrı bizim kuboku burada, "Marakana"da qaldırmağımızı istəyir. Ona görə də meydana çıxıb qalib gəlməli və o kuboku Argentinaya aparmalıyıq". Belə də oldu, əzmkar oyun nümayiş etdirən Argentina qələbə qazandı və kuboku evinə apardı.
Bundan sonra gözlər DÇ-2022-yə çevrilmişdi. Leo dünya kubokunu da başı üzərinə qaldıra biləcəkdimi? Şans var, ancaq bu, çox çətin bir yoldur...
Qətərdə keçirilən mundial Messi üçün sayca 5-ci dünya çempionatıdır.
Xatırladaq ki, Aliselesta 2006-ci ildə Almaniyada keçirilən çempionatın 1/4 final mərhələsində meydan sahiblərinə oyun sonrası penalti zərbələrinə məğlub olaraq (4-2) turnirə erkən vidalaşmışdı. Leo mundialda elə çox oyun şansı əldə edə bilmədi. Millinin o vaxtkı baş məşqçisi Pekermanın sərəncamında kifayət qədər təcrübəli və ulduz futbolçular olduğundan Messini oynatmaqda tərəddüd edirdi. Lakin, o qrup mərhələsinin 2-ci oyununda Serbiyaya qarşı matçda sonradan oyuna girərək dünya çempionatında Argentinanı təmsil edən ən gənc oyunçu (18 yaş, 357 gün) ünvanını qazandı. 15 dəqiqə ərzində 1 qol və 1 assistə imza atan Leo, turnirin ən gənc qol vuran oyunçusu oldu.
Bundan sonra Hollandiya ilə heç-heçə bitən matça start heyətdə başladı. Meksika qarşı oyunda 84-cü dəqiqədə meydana daxil oldu. Meydan sahibi Almaniyaya qarşı isə matçı ehtiyat skamyasından matçı izlədi.
2010-cu ildə isə azarkeşlər milli komandadan çox şey gözləyirdi: 1986-ci ildə onlara sonuncu dünya kubokunu qazandıran Dieqo Maradona Aliselestanın sükanı arxasında idi və onun varisi olaraq gördükləri Messi karyerasının yüksəliş mərhələsinə qədəm qoymuşdu. Lakin bu dəfə də gözləntilər özünü doğrultmadı. 4 il əvvəl olduğu kimi yenə də almanlar 1/4 finalda rəqiblərini evə erkən yola saldılar.
2014-cü il Braziliyada keçirilən dünya çempionatı Messinin karyerasında zirvəyə çatdığı dövrə təsadüf edirdi. Ulduz futbolçu ardıcıl 4 dəfə Ballondor mükafatını qazanmışdı. Bundan əlavə heyətdə Qonsalo İquayin, Anxel Di Mariya, Xavier Maskerano, Serxio Aquero kimi ulduzlar var idi. Çempionluq üçün bundan gözəl şərait ola bilməzdi. Leo Braziliyada milli komandanın kapitanı kimi yollanırdı. Amma final oyununda alman maşını yenə Argentinanın qarşını kəsməyi bacardı.
7 oyuna 4 qol 1 assistlə yadda qalan Messi komandasını finala qədər daşımağı bacardı. O həm də turnirin bombardiri və ən yaxşı oyunçusu seçildi. Final oyunundan sonra keçirilən mükafatlandırma mərasimində isə üzgünlüyü və çarəsizliyi üzündən oxunurdu. Onun üçün yuxu kimi başlayan turnir kabusla bitməli deyildi...
Messinin keçmiş komanda yoldaşı Pablo Zabaleta sonralar mətbuata açıqlamasında 2014 finalını üzüntü ilə xatırladıqlarını etiraf edir:
"Hər birimiz Messinin Argentina ilə kubok qazanmasını istəyirdik. O danışmağı sevən biri deyildi, amma final oyunundan öncə bizə bir neçə kəlmə söylədi:
"Artıq dünya çempionatının finalındayıq. Qazansaq da məğlub olsaq da oyundan zövq almağa çalışın. Qazansaq həyatınızın geri qalanında" dünya kubokunum var" deyib sevinəcəksiniz. Məğlub olsaq bir də belə fürsət əlimizə düşməyə bilər".
4 il sonra Aliselesta Rusiyaya turnirin ən yaşlı heyətlərindən biri ilə yollanırdı. Messi artıq sona yaxınlaşdığını hiss edirdi. Ona görə də verdiyi reportajlarda daha ciddi və məsuliyyətli danışırdı: "Ya indi ya da heç vaxt. Bunu son şans kimi görməli, əlimizə düşən fürsətlərdən maksimum yararlanmalı, sanki hər birimiz sonuncu dünya çempionatında iştirak edirmiş kimi davranmalıyıq".
Lakin heyət baxımından sıxıntılar keçirən komanda turnirdə elə də ciddi uğur qazana bilmədi. 1/16 finalda gələcək çempion Fransaya məğlub olub, çempionatla vidalaşdı.
Qətər - 2022
Artıq əminliklə söyləyə bilərik ki, bu çempionat Messi üçün sonuncu olacaq. Azarkeşlər isə hər il olduğu kimi bu dəfə də ondan çox şey gözləyir. Komanda finalın bir addımlığındadı. Bu mərhələdə isə onları ötən mundialın finalçısı olmuş Xorvatiya gözləyir.
Cənubi Amerikalılar turnirə sürpriz məğlubiyyətlə başlasalar da, sonradan toparlanmağı bacarıb ardıcıl qələbələrlə adlarını ən güclü 4 komanda arasına yazdıra bildilər. İndi Messini dünya kubokundan cəmi 2 oyun ayrırır.
Hollandiya oyunda fərqlənən ulduz futbolçu həmyerlisi Qabriel Batistuta ilə birlikdə mundiallarda Argentina forması ilə ən çox qol vuran oyunçular siyahısına başçılıq edir. Növbəti qol onu mundiallarda Argentina tarixinin ən yaxşı bombardiri edəcək.
Lionel Messi bütün karyerası ərazində saysız-hesabsız titullar və fərdi mükafatlar qazanıb: "Barselona" ilə 35, "PSJ" ilə 2 kuboka yiyələnib. Milli komanda ilə 2021-ci ildə "Kopa Amerika"nın, 2022-ci ildə isə "Finalissima"nın qalibi olub. 2009-2012-ci illər arasında ardıcıl 4, ümumilikdə isə 7 dəfə Ballon d'Or mükafatına sahib çıxaraq qırılması demək olar ki, imkansız rekorda imza atıb. Leonun qazanmağı bu qədər çox istəyib uğursuz olduğu yeganə titul dünya kubokudur. Artıq futbol ictimaiyyəti də qəbul edir ki, futbolun onun üçün bu qədər əziyyətlər çəkmiş birinə borcu var...