Bu gün Qətərdə sayca 22-ci dəfə keçirilən dünya çempionatının finalında Argentina və Fransa milliləri qarşılaşacaq.
Teleqraf.com xəbər verir ki, oyun 89 min azarkeş tutumuna malik "Lusail" stadionda keçiriləcək.
Bu komandalar bütün turnirlər daxil olmaqla indiyə qədər 12 dəfə qarşılaşıblar. (Argentina 6 qələbə, Fransa 3 qələbə, 3 heç-heçə) Tərəflər arasında son qarşılaşma 2018-ci Rusiyada keçirilən dünya çempionatının 1/16 final mərhələsində baş tutmuşdu. Həmin oyunda fransızlar Mbappenin dublu sayəsində 4-3 hesabı ilə qalib gəlməyi bacarmışdılar.
Bu dəfəki qarşılaşma isə əhəmiyyəti baxımından digərlərindən fərqlənir. Argentina qalib gələcəyi təqdirdə 36 illik həsrətə son qoyacaq. Fransa qazanarsa dünya kubokunu ardıcıl 2-ci dəfə başları üzərinə qaldırıb Braziliyanın 1962-ci ildəki rekordunu təzələyəcək.
Oyundan öncə bir neçə maraqlı statistikanı xatırlamaq yerinə düşər.
Argentina indiyə qədər 5 dəfə dünya çempionatlarında final oynayıb. Bu nominasiyada onlar təkcə Almaniyadan geri qalır (8 final). La Albiselesta bu finalların yalnız 2-də qalib gəlməyi bacarıb. (1978, 1986)
Fransa isə 1962-ci ilin Braziliyasından sonra dünya kubokunu ardıcıl 2-ci dəfə qazanmağın bir addımlığındadı. Avropa təmsilçisi 10 oyundur ki, mundiallarda cənubi amerikalılara məğlub olmur. Sonuncu belə hal 1978-ci ilə təsadüf edir. Maraqlıdır ki, həmin qarşılaşmada da xoruzların rəqibi Argentina idi.
Lionel Messi bu günki qarşılaşmada iştirak etməklə dünya çempionatları tarixində ən çox oyuna çıxmış futbolçu ünvanını qazanacaq. Ulduz oyunçu almaniyalı Lotar Matteusla birliklə I-II yerləri bölüşür. (Hərəyə 25 oyun)
Messi final oyunda fərqlənərsə bir dünya çempionatının bütün mərhələlərində (qrup, 1/16, 1/8, 1/4, final) qol vurmağı bacarmış ilk oyunçu olacaq.
Albiselestanın qalib gələcəyi halda Leo Messi əfsanəvi qapıçı Dino Zoffdan sonra ( 40 yaş, 133 gün) dünya çempionu olmuş ən yaşlı ikinci oyunçu olacaq.
İndiyə kimi sadəcə 1 məşqçi iki dəfə dünya çempionu olmağı bacarıb. Fransızlar qalib gələcəyi halda Didye Deşam Vittoriyo Pozzodan sonra (1934, 1938) bu uğuru təkrarlamağı bacaran ikinci şəxs ola bilər.
Deşam həmçinin mundialda çıxdığı 18 qarşılaşmanın 14-də qalib gəlməyi bacarıb. O, almaniyalı Helmut Şöndən sonra (16 qələbə) 78 faizlik qələbə nisbəti ilə bütün məşqçilər arasında 2-ci pillədə qərarlaşıb.
Tarixdə sadəcə 3 oyunçu dünya çempionatının finalında komandasını meydana kapitan kimi çıxara bilib. Bunlar Karl-Hainz Rumenige, Dieqo Maradona və Dunqadır. Fransız qapıçı Uqo Lyoris də bu günki oyunda iştirak edərsə adını onların arasına yazdıracaq.
İndiyə kimi yalnız 4 oyunçu birdən çox dünya çempionatının finalında qol vurmağı bacarıb. Kliyan Mbappe və Antuan Qrizman bu qarşılaşmada fərqlənərsə adlarını bu siyahıya əlavə edə bilər.
Messi və Mbappe hərəyə 5 qolla bombardirlər siyahısında 1-2 yerləri bölüşür. Lakin fransızdan fərqli olaraq Leonun aktivinə 3 məhsuldar ötürmə də var.
İndiyə qədər dünya çempionatının finallarında Cənubi Amerikalılar və Avropalılar 10 dəfə qarşılaşıb. Bunların 3-də avropalılar, 7-də isə amerikalılar qalib gəlib. Ona görə də Argentina bu matça bir qədər nikbin yanaşa bilər.
Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.