Fransa millisinin qaradərili futbolçuları Qətərdəki dünya çempionatının finalında Argentina millisinə məğlubiyyətdən sonra irqçi təzyiqlərə məruz qalıblar.
Teleqraf.com xəbər verir ki, sosial şəbəkə istifadəçiləri Kinqsli Koman, Orelyen Çuameni və Randal Kolo-Muaniyə təhqiredici mesajlar yazaraq, onların postlarının altında meymun və banan şəkilləri paylaşıblar.
Bundan sonra Çuameni və Kolo-Muani şərh bölməsini bağlayıb, Koman isə yazılanlara heç bir reaksiya verməyib.
Qeyd edək ki, Argentina - Fransa oyununun əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. Əlavə vaxtda tərəflər hərəyə daha bir dəfə fərqləniblər. Hesab 3:3 olduğundan penaltilər seriyasından istifadə edilib. Burada daha dəqiq oynayan (4:2) “tanqoçular” 3-cü dəfə dünya çempionu olublar. “Xoruzlar”ın heyətində Randal Kolo-Muani əlavə vaxtda - hesab 3:3 olarkən 100 faizlik qol imkanından yararlana bilməyib. Koman və Çuameni isə 11 metrlik cərimə zərbələri zamanı qeyri-dəqiq oynayıblar.