Azərbaycan Premyer Liqasında XXV tura yekun vurulub.
Teleqraf.com-un məlumatına görə, bağlanış oyununda "Neftçi" "Turan Tovuz"u qəbul edib. "Bakcell Arena"da keçirilən görüş "ağ-qaralar"ın 4:0 hesablı qələbəsi ilə başa çatıb.
İlk qolu 20-ci dəqiqədə Sezar Meza Kolli vurub. 4 dəqiqə sonra kapitan Emin Mahmudov fərqi artırıb. 72-ci dəqiqədə Mateus Saldanya 3-cü topu qonaqların qapısından keçirib. 83-cü dəqiqədə dubl edən Mahmudov matçda yekun hesabı müəyyənləşdirib.
Bu qələbədən sonra xallarını 52-yə çatdıran "Neftçi" 3-cü pillədəki mövqeyini qoruyub. 26 xalı olan "Turan Tovuz" isə 6-cı sırada yer alıb.
Qeyd edək ki, turun "Zirə" - "Şamaxı" matçında qalib müəyyənləşməyib - 2:2. "Sumqayıt" "Səbail"i 1:0, "Sabah" "Kəpəz"i 2:0, "Qarabağ" isə "Qəbələ"ni 3:1 hesabı ilə üstələyib.