Fevralın 6-da baş verən zəlzələnin qurbanlarına dəstək üçün Azərbaycanın “Qarabağ” futbol klubu ilə əl-ələ verən “Qalatasaray” dost ölkədə isti qarşılanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin “Habertürk” saytı yazır.
Məqalədə qeyd edilir ki, dostluq qarşılaşması olmasına rəğmən, çoxsaylı azarkeş dəstəyi altında baş tutan oyundan əvvəl də böyük marağa səbəb olan “sarı-qırmızılılar” bir müddətdir üzərində çalışdıqları layihənin düyməsinə basıblar:
“Qalatasaray” Türkiyə Futbol Federasiyasına türk cümhuriyyətləri ilə bağlı təkliflə çıxış edəcək. “Sarı-qırmızılılar”ın təklifinə görə, Superliqada oynayan türk cümhuriyyətlərinin vətəndaşları olan futbolçular əcnəbi yox, yerli kvotalara daxil edilsin.
Bir müddətdir bu istiqamətdə çalışan “Qalatasaray” rəhbərliyi Futbol Federasiyasına Portuqaliya-Braziliya münasibətlərinə nümunə göstərir.
Portuqaliya və Braziliya arasında bağlanmış xüsusi razılaşmalara əsasən, hər iki ölkənin vətəndaşları iki ölkə arasında vizasız sərbəst hərəkət edə və iş icazəsi olunmadan işləyə bilərlər. Bu müqavilədən yüzlərlə futbolçu da birbaşa yararlanır.
Braziliyalı futbolçular tarixi və mədəni səbəblərə görə Portuqaliyada əcnəbi sayılmır. Portuqaliya Braziliyada üç əsrdən çox müstəmləkəçilik siyasəti aparıb. Amma müstəmləkəçilik dövründən sonra iki ölkə arasında dil, mədəniyyət və vətəndaşlıq hüquqları ilə bağlı razılaşma əldə edilib.
Dünyada xaricə ən çox futbolçu ixrac edən ölkə olan Braziliya həm də Portuqaliyaya ən çox futbolçu göndərən ölkədir. FİFA ilə üzvi əlaqələri olan Beynəlxalq Futbol Araşdırmaları Mərkəzinin (CIES) hesabatına görə, Braziliyadan xaricə gedən 1219 futbolçudan 231-nin ünvanı Portuqaliyadır”.
Türk dövlətlərinə Azərbaycan, Türkiyə, Kipr Türk Cümhuriyyəti, Qazaxıstan, Türkmənistan, Özbəkistan və Qırğızıstan daxildir.