Azərbaycan millisi Canni De Byazinin baş məşqçi olduğu son üç ildə FIFA reytinqində 10 pillə geriləyib.
Teleqraf.comxəbər verir ki, 67 yaşlı mütəxəssis 2020-ci il iyulun 11-də yığmanın sükanı arxasına keçib.
Komanda bu təyinatdan 5 gün sonra açıqlanmış reytinqdə 1177 xalla 114-cü pillədə qərarlaşsa da, ötən gün elan olunan siyahıda 1142 xalla 124-cü olub.
Yığma italiyalı baş məşqçinin rəhbərliyi altında ümumilikdə 32 oyun keçirib.
Bu görüşlərin 12-si UEFA Millətlər Liqası, 8-i DÇ-2022-nin seçmə mərhələsi, 10-u yoldaşlıq oyunları, 2-si isə AVRO-2024-ün seçmə matçlarına təsadüf edib.
Bunların 18-də məğlub olan milli 7 dəfə heç-heçə edib, eyni sayda isə qələbə qazanıb.
7 qələbənin 4-ü rəsmi matçlarda - UEFA Millətlər Liqası turnirində qeydə alınıb. 2020-ci ildə 1, 2022-ci ildə isə 3 qələbə qazanılıb.
Bərabərliklərin 4-ü Millət Liqasında, 2-si yoldaşlıq görüşlərində, 1-i DÇ-2022-nin seçmə mərhələsində olub.
Məğlubiyyətlərin 4-ü Millətlər Liqasına, 7-si DÇ-2022-nin seçmə matçlarına, 5-i yoldaşlıq görüşlərinə, 2-si isə AVRO-2024-ün seçmə mərhələsinə təsadüf edib.
Canni De Byazinin müqaviləsinin müddəti AVRO-2024-ün seçmə mərhələsinin sonunadək nəzərdə tutulub.