Azərbaycanın U-17 və U-19 yığmalarının sabiq qapıçısı Ziyadxan Məmmədov Rusiyada futboldan ömürlük kənarlaşdırılıb.
Teleqraf.com xəbər verir ki, buna 28 yaşlı qolkiperin danışılmış oyunların təşkilində iştirakı səbəb olub.
İddiaya görə, hazırda "Yesentuki" komandasında çıxış edən azərbaycanlı oyunçu bir neçə şəxslə əlbir olaraq, II Liqada keçirilmiş "Salyut” (Belqorod) - "SKA-Xabarovsk-2" görüşünün nəticəsini manipulyasiya edib.
Ötən il oktyabrın 20-də oynanılmış qarşılaşma Belqorod təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Danışılmış oyunda əli olan şəxslərlə bağlı cinayət işi açılacaq.
Qeyd edək ki, Ziyadxan Məmmədov 2013-2015-ci illərdə aşağı yaş qrupları üzrə Azərbaycan yığmalarında çıxış edib. O, müxtəlif vaxtlarda "Neftçi", "Zirə" və "Zaqatala"nın da formasını geyinib.