7 May 2023 23:07
590
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 7-də Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş dövlət qurumları arasında minifutbol turnirinə yekun vurulub.

Teleqraf.com xəbər verir ki, ötən ilin noyabrında start götürən turnirdə 52 komanda birincilik uğrunda mübarizə aparıb. İlkin mərhələdə komandalar hər birində 13 kollektiv olan 4 qrupda yarışıblar.

On iki oyundan ibarət ilkin mərhələyə cari ilin fevralında yekun vurulub. Qrupda ilk səkkiz pillədə qərarlaşan komandalar mübarizəni pley-off mərhələsində davam etdiriblər. Bir oyundan ibarət pley-offun qalibi olan komandalar ikinci mərhələyə yüksəliblər. İkinci mərhələyə vəsiqə qazanmış 16 komanda 4 qrupda mübarizə aparıb. Qrup qalibi komandalar “Dördlər finalı”nda iştirak hüququ əldə ediblər. Bu mərhələdə qalib gələn komandalar birinci, məğlublar isə üçüncü yer uğrunda matça çıxıblar.
SOCAR komandası Dövlət Gömrük Komitəsi ilə üçüncü yer uğrunda görüşdə üz-üzə gəlib. Rəqibini minimal hesabla məğlub edən SOCAR turnirin bürünc medalına sahib olub – 1:0.

Final görüşündə Dövlət Təhlükəsizlik Xidməti (DTX) və Fövqəladə Hallar Nazirliyinin (FHN) komandaları qarşılaşıblar.
Həlledici görüşü dövlət və hökumət rəsmiləri də izləyiblər.

Qarşılıqlı hücumlar şəraitində keçən oyunda hesab açılmayıb. Qalib penalti seriyasında müəyyənləşib. Zərbələri dəqiq yerinə yetirən FHN turnirin qalibi olub – 8:7.
Görüş başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib.

Mükafatları gənclər və idman naziri Fərid Qayıbov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev, “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov, Azərbaycan Minifutbol Federasiyasının fəxri prezidenti Orxan Məmmədov, Dünya Minifutbol Federasiyasının prezidenti Filip Cuda və digərləri təqdim ediblər.

Turnirin ən yaxşı oyunçusu Əli Səfərov (DTX), bombardiri Səttar Qədirov (33 qol, FHN), ən yaxşı qapıçı Yəhya Nağıyev (FHN) seçilib, “fair-play” nominasiyasında Xarici İşlər Nazirliyinin komandası mükafatlandırılıb.
Yarışda Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) minifutbol komandası da mübarizə aparıb.
Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan Minifutbol Federasiyasının dəstəyi ilə keçirilən yarışa maraq böyük olub


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər