Bakıda təşkil olunan bədii gimnastika üzrə 39-cu Avropa çempionatına yekun vurulub.
Teleqraf.com xəbər verir ki, çempionatın bağlanış mərasimində əvvəlcə iştirakçı ölkələrin paradı olub.
Sonra Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov Avropa Gimnastikasının bayrağını qitə qurumunun vitse-prezidenti Edvard Kolara təqdim edib. Avropa Gimnastikasının rəsmisi isə bayrağı 2024-cü ildə qitə çempionatına ev sahibliyi edəcək Macarıstan nümayəndəsinə verib. Bayrağı Avropa çempionatının Təşkilat Komitəsinin sədri Andraş Tari təhvil alıb.
Avropa Gimnastikasının vitse-prezidenti E.Kolar bədii gimnastika üzrə 39-cu Avropa çempionatının yüksək təşkilatçılığına görə qurumun rəhbərliyi adından Azərbaycan Gimnastika Federasiyasına minnətdarlığını bildirib və çempionatı bağlı elan edib.
Xatırladaq ki, “Ulduz kimi parla” şüarı ilə keçirilən qitə çempionatında 38 ölkədən 315 gimnast (böyüklər – 191, gənclər 124) mübarizə aparıb. Gənclərdən ibarət qrup komandamız çoxnövçülükdə və beş topla yarışlarda bürünc medal qazanıb. Böyüklərdən ibarət komandamız çoxnövçülükdə üçüncü pillədə yer alsa da, üç lent və iki topla yarışda Avropa çempionu olub. Gimnastımız Zöhrə Ağamirova isə topla yarışda bürünc mükafata layiq görülüb.