26 İyul 2023 00:17
499
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Neftçi” klubu braziliyalı futbolçusu Mateus Saldanya ilə yollarını ayırıb. Paytaxt təmsilçisi 2024-cü ilin yanvarınadək icarə müqaviləsi olan legioneri komandadan xaric etməyə qərar verib.

Teleqraf.com xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Neftçi” klubunun 2024-cü ilin yanvarınadək icarə müqaviləsi olan futbolçusu Mateus Saldanya son günlərdə klub rəhbərliyinə Serbiyanın “Partizan” klubundan maliyyə cəhətdən çox yaxşı təklifin aldığını bildirib.

“Son müsahibələrində “Neftçi” ilə müqaviləsinin olduğunu və sonadək komandada qalacağını bildirən futbolçu bu təklifdən sonra getməsi üçün klub rəhbərliyindən icazə istəyib. Lakin klub rəhbərliyi mövsümün əvvəlində - UEFA Avropa Konfrans Liqasının oyunlarına bir neçə gün qalmış komandadan buraxmaq istəmədiyini dəfələrlə onun nəzərinə çatdırıb. Bütün xəbərdarlıqlara baxmayaraq, Mateus Saldanya son günlərdə müxtəlif səbəblərlə komanda ilə birlikdə məşqlərdə iştirak etməkdən yayınıb, iyulun 24-də keçirilən məşqdə isə icazə almadan iştirak etməyib.

Rəhbərlik futbolçunun bu cür hərəkətləri ilə əlaqədar həm onu, həm də menecerini rəsmi qaydada məlumatlandırıb. Bildirilib ki, “Neftçi” kimliyindən asılı olmayaraq, maddiyatı hər şeydən üstün tutan, onun rənglərinə bağlı olmayan, forma üçün mübarizə aparmağa hazır olmayan heç bir kəsi heyətində məcburi saxlamaz. Buna görə də braziliyalı futbolçunun komandadan xaric olunması haqqında qərar verilib.

Qeyd etməliyik ki, proses dövründə “Partizan” klubu yazılmış və yazılmamış qaydalar çərçivəsində davranıb. Dostluq münasibətlərimiz olan Belqrad təmsilçisinə heç bir iradımız yoxdur”, - deyə “Neftçi” klubunun bəyanatda bildirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər