31 Avqust 2023 23:26
565
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Futbolçuları və azarkeşləri təbrik edirəm. Gərgin oyun alınsa da, nəticə bizi qane etdi".

Teleqraf.com-un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda Sloveniyanın "Olimpiya" klubu ilə 1:1 hesablı heç-heçə etdikləri UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis oyunçuların çox əziyyət çəkdiklərini bildirib: "Qrupda iştirak etmək bizim üçün çox vacib idi. Hansısa səviyyəyə çatmaq asandır, orada qalmaq isə çətindir. Ən azından ilin sonuna qədər avrokuboklarda davam edəcəyik".

Qurbanov bugünkü matçdan razı qaldığını söyləyib: "Nəticə bizim üçün çox vacib idi. Komanda olaraq yaxşı müdafiə olunduq. Oyunçulara bunu tapşırmamışdıq. Əksinə, daha çox hücuma çıxmaq niyyətində idik. Futbolçulardan narazı olacağım bir məqam yoxdur".

Təcrübəli baş məşqçi son matçlarda daha az forma şansı əldə edən Şahruddin Məhəmmədəliyevin də meydana çıxacağını vurğulayıb: "Şahruddin komandanın üzvüdür. Sadəcə, bəzən düşünmədiyimiz hallar yaşanır. Buna görə komandada oyunçuların sayı çox olur. Kimsə performansından uzaq olanda digərindən yararlanırıq. Şahruddinə gələcəkdə şans verəcəyik".

Qurbanov qrup mərhələsində hansı komandalarla qarşılaşmağın fərqinin olmadığını vurğulayıb: "Məndə heç vaxt belə düşüncə olmayıb. Futbolun inkişafı üçün azarkeşlər bəzən böyük klubları istəyirlər. Kim olsa, narazılıq bildirməyəcəyik. Böyük klublar olanda böyük hesabla uduzmaq riski olur, amma onları canlı görmək, tanımaq mənim üçün həmişə xoş olub. Böyük klublarla düşsək, narazı olmaram, əksinə, sevinərəm".

O, 10-cu dəfə qrupa düşməyi daha çox arzuladığını gizlətməyib: "Hər il qrupda oynamaq həm hamımıza əlavə məsuliyyət yükləyir, həm də böyük inam verir. Böyümək üçün çətinliklərə hazır olmalıyıq. Bu il 10 rəqəmini tamamlamaq istəyirdik. Bəlkə də mənim üçün hansısa illərdən daha önəmli oldu".


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər