3 Sentyabr 2023 10:59
709
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan çempionatını hər il Mingəçevirdə keçirməyi planlaşdırırıq".

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Triatlon Federasiyasının (ATF) prezidenti Fərid Fərhadzadə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, hazırda bu məsələ müzakirə olunur: “İştirakçılar da öz fikirlərini bildirəcəklər. İdmançıları dinləyəcəyik ki, hansısa nöqsan varsa, aradan qaldıraq. Əminəm ki, gələn il ölkə çempionatı daha yüksək səviyyədə keçiriləcək və bundan da çox idmançı iştirak edəcək”.

Qurum rəhbəri hazırda davam edən ölkə çempionatı ilə bağlı da məlumat verib. Onun sözlərinə görə, əsas məqsəd triatlonu Azərbaycanda tanıtmaqdır:

“Çox sevindirici haldır ki, Azərbaycanın gənclər paytaxtı Mingəçevirdə ölkə çempionatı keçirilir. Triatlon üzmək, velosiped sürmək və qaçmaqdan ibarətdir. Buna baxmayaraq, bugünkü yarışda 100 iştirakçı var. Onun 41 nəfəri yeniyetmədir. Federasiya olaraq qarşımıza qoyulan hədəflərdən biri triatlonu ölkədə tanıtmaq, idmançıların sayını artırmaqdır. Ən vacibi yerli idmançıları yetişdirməkdir”.

Federasiya prezidenti bölgələrdə triatlonun inkişafı üçün əllərindən gələni etdiklərini vurğulayıb:

“Mən federasiya prezidenti vəzifəsinə gələndə idmançılarımızın sayı çox az idi. Qarşımıza qoyulan hədəflərə uyğun olaraq regionlardan uşaqlar cəlb edirik. Bir ay ərzində Sumqayıtdan 4 idmançı cəlb olundu. Cənab Prezident İlham Əliyev tərəfindən regionlardakı Olimpiya İdman Komplekslərində yüksək səviyyədə şərait yaradılıb. Məşqçilərlə birlikdə komplekslərdə düzgün sistem qurmaq istəyirik ki, uşaqların bu idman növünə marağı olsun”.

Fərid Fərhadzadə əlavə edib ki, Azərbaycan triatlonçusu Rastislav Pevtsova böyük ümidlər var: “Hazırda bir legionerimiz var, Rastislav Pevtsov. Onun Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə qazanacağına inanırıq”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər