Əfsanəvi braziliyalı futbolçu Ronaldonun yaşıl meydanlara qayıtmağa hazırlaşdığını xəbər vermişdik. “Fenomen” Şimali Amerikanın ikinci Liqa komandalarından "Fort Lauderdale Strikers" formasıyla yenidən futbol oynamaq fikrindədir.
Həmçinin Ronaldo adıçəkilən klubun səhmdarları sırasında olmaq istədiyini də deyib:
“Mənim ən böyük sevgim futboldur. Bədənim tab gətirmədiyi üçün idmanı buraxmaq qərarı vermişdim. Zədələrim çox oldu, bu da mənə ağrı verirdi. Yenidən idmançı formasına düşməyim heç də asan olmayacaq. Amma öz üzərimdə çalışacam və daha çox məşq edəcəm”.
Ronaldo futbola qayıtdığı təqdirdə Şimali Amerikada futbola marağın artacağına inandığını da vurğulayıb.
Xatırladaq ki, 3 dəfə “Qızıl top” mükafatını qazanmış braziliyalı ulduzun sonuncu komandası “Korintians Paulista” (2008-2011) olub.
“Fenomen”, “Yekə diş” ləqəbləri ilə tanınan futbolçu ikiqat dünya çempionudur. Karyerası ərzində mərkəz hücumçusu kimi oynayan Ronaldo bir çoxlarının fikrinə görə, futbol tarixinin ən yaxşılarıdan olub.
Onun haqqında belə bir fikir formalaşıb: "Top ayağına dəydiyi zaman Allahdan başqa heç kimin onun hara dönəcəyini, nə edəcəyini bilməz"./publika.az/