Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) azarkeşlərin tribunada Fələstin bayrağını nümayiş etdirdiyi üçün Şotlandiyanın "Seltik" komandasına qarşı intizam işi açıb.
Teleqraf.com xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidmətindən bildirilib.
“Seltik” matçlar zamanı stadionlarda dəfələrlə Fələstin bayraqlarını nümayiş etdirdikdən sonra özlərini “Yaşıl Briqada” adlandıran böyük bir azarkeş qrupunun matçlara gəlməsini qadağan edib.
2012-ci ildən Fələstinə dəstək üçün etiraz aksiyaları təşkil edən fanat assosiasiyalarından birinin üzvlərinin mövsüm biletləri ləğv edilib. Bu əsasda klub rəhbərliyi ilə azarkeşlər arasında ən böyük münaqişə oktyabrın 25-də Çempionlar Liqasının qrup mərhələsinin İspaniyanın “Atletiko Madrid” klubu ilə ev oyununda (2:2) qeydə alınıb.
Qeyd olunub ki, idman tədbirinin ruhuna uyğun gəlməyən, xüsusən də siyasi, ideoloji, dini və ya təhqiredici xarakter daşıyan təxribat xarakterli jestlər, sözlər, əşyalarla bağlı hər hansı digər vasitələrdən istifadəyə görə UEFA “Seltik” futbol klubuna qarşı iş qaldırılıb və qurumun nəzarət, etika və intizam komitəsi bununla bağlı müvafiq qərar verəcək.