16 Noyabr 2023 23:05
865
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbol üzrə Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində növbəti oyununu keçirib.

Teleqraf.com xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu kollektiv Bakıda İsveçi qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma komandamızın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları 3-cü və 89-cu dəqiqədə kapitan Emin Mahmudov və 6-cı dəqiqədə Renat Dadaşov vurub.

57-ci dəqiqədə Bəhlul Mustafazadə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

Beləliklə, yığmamız tarixində ilk dəfə Skandinaviya təmsilçisini məğlubiyyətə uğradıb. Millimiz bu nəticə ilə İsveçlə xallarının sayını bərabərləşdirib. Hər iki kollektivin hazırda 7 xalı var.

F qrupunun digər görüşündə Avstriya səfərdə Estoniyanı məğlub edib - 2:0.

Qeyd edək ki, Azərbaycan komandası seçmə mərhələdəki sonuncu matçını səfərdə Belçikaya qarşı keçirəcək. Noyabrın 19-da Brüsseldə reallaşacaq oyun Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

22:49

Azərbaycan millisi Bakıda İsveç yığmasına qarşı keçirdiyi AVRO-2024-ün seçmə mərhələ oyununda fərqi daha da artırıb.

Teleqraf.com xəbər verir ki, Emin Mahmudov 89-cu dəqiqədə özünün ikinci, komandasının üçüncü qolunu vurub.

Yarımmüdafiəçi uzaq məsafədən baxımlı qola imza ataraq hesabı 3:0 edib.

21:09

Bakıda Azərbaycan və İsveç milli komandaları arasında keçirilən AVRO-2024-ün seçmə mərhələ oyununda ikinci qol vurulub.

Teleqraf.com xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşmada yığmamız ikinci qolu rəqib qapısından keçirib - 2:0.

6-cı dəqiqədə Renat Dadaşov qonaqları məyus edib.

21:04

Bakıda Azərbaycan və İsveç milli komandaları arasında keçirilən AVRO-2024-ün seçmə mərhələ oyununda hesab açılıb.

Teleqraf.com xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşmada yığmamız 3-cü dəqiqədə rəqibi məyus edib.

Kapitan Emin Mahmudov Renat Dadaşovun ötürməsindən sonra adını tabloya yazdırıb

21:00

Bakıda Azərbaycan və İsveç milli komandaları arasında AVRO-2024-ün seçmə mərhələ oyunu başlayıb.

Teleqraf.com xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 21:00-da start götürüb.

Matçı isveçrəli qadın FIFA referisi Ester Ştaublinin rəhbərlik etdiyi hakimlər briqadası idarə edir.

F qrupunda yer alan hər iki kollektiv final mərhələsinə vəsiqə qazanmaq şansını əvvəlki turlarda itirib.

Yığmamız 6 oyundan sonra 4 xalla 4-cü, qonaqlar isə 7 xalla üçüncü pillədə qərarlaşıblar. Qrupun digər qarşılaşmasında AVRO-2024-ə vəsiqəni rəsmiləşdirən Avstriya səfərdə Estoniya ilə üz-üzə gəlir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər