13 Dekabr 2023 14:33
623
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bu gün mətbuat konfransı keçirib.

Teleqraf.com xəbər verir ki, konfrans sabah Avropa Liqasının qrup mərhələsində "Hekken"ə (İsveç) qarşı keçiriləcək oyuna həsr olunub.

O xatırladıb ki, komandası bu il avrokubokda son qrup matçına çıxacaq və bu, onlar üçün vacib oyundur: "Futbolçularımız oyuna hazırdır. Rəqib düşərgəsindən olan şərhlərə baxanda görürsən ki, onlar da matça ciddi hazırlaşıblar və turniri xalsız tərk etmək istəmirlər. Bizə qarşı nəticə qazanmaq istəyən komanda oynayacaq".

Qurban Qurbanov bildirib ki, komandası görüşə taktiki və psixoloji cəhətdən hazır olmalıdır: "Mən futbolçularıma inanıram. Sabah axşama qədər vaxtımız var. Bəzi detalları yekunlaşdırmaq qalır".

"Qarabağ" tarixində ilk dəfə Avropa Liqasına pley-off mərhələsinə çıxa bilər. Hansı hissləri keçirirsiniz?" sualına cavabda Qurbanov deyib:

"Biz ilk dəfə deyil ki, belə bir şans qazanırıq. Elə olub ki, son saniyələrdə qolumuz qeydə alınmayıb. Futbolçuların istəyi böyükdür. Təkcə onların yox, bütün futbol ictimaiyyətinin istəyi belədir. Bu görüşə mümkün qədər soyuqqanlı yanaşmaq lazımdır. Düzgün və səhvsiz oyunla şansınızı reallaşdırmalıyıq. İnanıram ki, komanda qarşıya qoyulan vəzifənin öhdəsindən gələcək".

Mərkəz müdafiəçisi Kevin Medinanın yoxluğuna toxunan və cinah müdafiəçisi Marko Veşoviçin qarşıdakı matça nə dərəcədə hazır olmasına ilə bağlı məsələdən danışan baş məşqçi bildirib: "Hamımını meydanda görmək istərdim. Qrupda ikinci olmaq kimi şansımızın yarandığı oyunda bütün futbolçular meydanda olmağa layiqdirlər.

Medina dünən əməliyyat olundu (Finlandiyada - red.). O, heç Bakıda da olmayacaq. Dünən onunla danışdım. Mənə dedi ki, bizimlədir. Bu gün biz oyun haqqında düşünməliyik və əgər problemlər varsa, onları necə düzəltmək barədə fikirləşməliyik. İnanıram ki, itkilərin öhdəsindən gələcəyik. İlk dəfə deyil ki, belə halla qarşılaşırıq. Medinaya cansağlığı və tezliklə komandaya qayıtmasını arzulayıram. Veşoviçin vəziyyəti isə normaldır. Hər şey yaxşı olarsa, əminəm ki, o, matçda bizimlə olacaq".

Qyurban Qurbanov son günlər Bakıya yağan yağış səbəbindən oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika Stadionunun ot ortüyünün durumuna da toxunub: "Bakıda tez-tez güclü yağış yağmır. Mən sadəcə qazona baxdım, hər şey yaxşıdır. Qazon yaxşı oyun üçün şərait yaradır (gülür). Yaxşı futbol nümayiş etdirməyimizə heç nə mane olmamalıdır".

Qeyd edək ki, "Qarabağ"-"Hekken" matçı dekabrın 14-ü yerli vaxtla saat 21:45-də başlanacaq.

Ağdam təmsilçisi qalib gələcəyi halda qrupun digər matçı - “Bayer” (Almaniya)-“Molde” (Norveç) oyununun nəticəsindən asılı olmayaraq 1/16 finala vəsiqə qazanacaq. Bu isə Azərbaycan futbol tarixində bir ilk olacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər