Çinin "Dalian Vanda" şirkətinin sahibi Van Çyanlin "Atletiko"nun səhmlərinin 20 faizini alıb.
Tərəflər arasında Pekində imzalanan müqaviləyə əsasən, "Dalian Vanda" buna görə Madrid klubuna 45 milyon avro ödəyəcək.
Müqaviləyə uyğun olaraq, Çində 3 futbol məktəbi açılacaq və "Atletiko" bu il Çinə səfər edəcək.
Şirkət Madriddə Çin futboluna dəstək məqsədilə 34 milyon dollar ayıracaq. Bu layihəyə əsasən, 2017-ci ilə qədər 180 perspektivli çinli futbolçu İspaniyada hazırlıq keçəcək.
Qeyd edək ki, Çyanlin Çinin ikinci ən varlı adamıdır. Onun sərvətinin təqribən 18 milyard dollar olduğu bildirilir.
Xarici mətbuatın yazdığına əsasən, Van Çyanlinin rəhbəri olduğu "Dalian Vanda” şirkəti gələcəkdə “Atletiko”nun forma sponsoru da ola bilər.
Hazırda “Atletiko”nun əsas titul sponsoru Azərbaycan tərəfidir. Komanda 2013-cü ilin əvvəlindən oyunlara üzərində “Land of fire Azerbaijan” yazılan formalarla çıxır. Bu, “Atletiko” ilə “Bakı” klubları arasındakı əməkdaşlıq çərçivəsində baş tutub.
“Atletiko” ilə “Bakı” arasında müqavilənin müddəti 2014/15 mövsümünun sonunda (bu ilin may ayının sonu) başa çatır.
Əlavə edək ki, son aylar “Bakı” klubunda ciddi maliyyə problemləri müşahidə olunur. Əgər tərəflər yaxın aylarda müqavilənin müddətini uzatmasa, o zaman “Atletiko”nun forma məsələsində də "Dalian Vanda" ilə əməkdaşlıq etmək ehtimalı böyükdür./qol.az/