22 Yanvar 2015 22:09
906
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qəbələ" İdman Klubunda yeni təyinat rəsmiləşib. Uzun müddətdir klubda çalışan İngiltərə futbolunun əfsanəsi Toni Adams yeni vəzifəyə təyin olunub.

Teleqraf.com klubun saytına istinadən məlumat verir ki, britaniyalı futbol veteranı bundan sonra “Qəbələ”nin futbol direktoru kimi fəaliyyət göstərəcək.

İngiltərə millisində və “Arsenal”dakı çıxışları ilə məşhurlaşan T.Adams bunadək klubda iki fərqli vəzifədə çalışmışdı. 2010-cu ilin yayında Azərbaycandakı fəaliyyətinə baş məşqçi kimi başlayan ingiltərəli 2011-ci ilin noyabrınadək “qırmızı-qaralar”ın “sükanı arxasında” olub. Bu müddətdə komandanı 47 rəsmi matça çıxarmış T.Adams 2012-ci ilin aprelindən futbol direktoru təyin olunanadək “Qəbələ” İdman Klubunun prezidenti Tale Heydərovun müşaviri vəzifəsində fəaliyyət göstərib.

Qeyd edək ki, “Qəbələ”yə qədər vətənində “Uikomb” və “Portsmut” klublarını çalışdıran T.Adams zəngin futbolçu karyerası ilə tanınıb. 49 yaşlı veteran karyerası ərzində yalnız bir klubun “Arsenal”ın formasını geyib və 500-dən artıq matç keçirdiyi komandada 14 il kapitan olan müdafiəçi İngiltərə yığmasında 66 matç keçirib.


Müəllif: