Ölkəmizi UEFA Çempionlar Liqasının pley-off mərhələsində təmsil edəcək “Qarabağ” Peşəkar Futbol Liqasına rəsmi müraciət edib.
Teleraf.com qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi qitənin 1 nömrəli klub turnirinin pley-off mərhələsinə daha yaxşı hazırlaşmaq məqsədilə Azərbaycan Premyer Liqasının III turu çərçivəsində keçiriləcək “Şamaxı” ilə səfər oyununun təxirə salınmasını istəyib.
“Qarabağ”ın müraciətini, “Şamaxı”nın razılığını, Azərbaycan futbolunun ümumi mənafeyini nəzərə alan Peşəkar Futbol Liqası 2024/2025 mövsümünün Əsasnaməsinin 6-cı maddəsinin 1-ci bəndini (pley-off mərhələsinə yüksələn komandanın 1 oyunun təxirə salınması ilə bağlı müraciətini) rəhbər tutaraq III turun “Şamaxı” - “Qarabağ” oyununun təxirə salınması ilə bağlı qərar qəbul edib. Təxirə salınmış oyunun tarixi ilə bağlı əlavə məlumat veriləcək.
Qeyd edək ki, klubların əvəzedici heyətlərinin oyunu ilə bağlı hər hansı bir dəyişiklik yoxdur.