Beynəlxalq Futbol Federasiyası ( FİFA ) oktyabrın 3-də Fələstin Futbol Assosiasiyasının (PFA) İsrail milli komandasının beynəlxalq yarışlardan kənarlaşdırılması ilə bağlı müraciətinə baxacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Fələstin Futbol Assosiasiyasının rəsmi saytında məlumat verilib.
“Oktyabrın 3-də FİFA şurası tərəfindən veriləcək yekun qərarı gözləyirik. Biz əminik ki, bu, Fələstin futbolu və onun idmançıları üçün ədalət və bərabərlik gətirəcək”, - təşkilatın bəyanatında deyilir.
Xatırladaq ki, Fələstin Futbol Assosiasiyası daha əvvəl İsrailə qarşı sanksiyaların 2024-cü ilin martında tətbiq edilməsini xahiş etmişdi. Bu məsələ ilə bağlı qərar iyul və avqust aylarında təxirə salınıb.
Qeyd edək ki, 2024/25 Millətlər Liqası mövsümündə İsrail Belçika , İtaliya və Fransa milli komandaları ilə birlikdə A Liqasının ikinci qrupunda çıxış edir. İki turdan sonra İsrail yığması qrupda sonuncu yerdə qərarlaşıb.