Yanvarın 10-da AFFA-nın İnkişaf Strategiyasının layihəsi ictimaiyyətə açıqlanıb.
Teleqraf.com layihənin bəndləri, müsbət və mənfi nüanslar, Azərbaycan futbolunun inkişafı üçün nələr vəd etdiyini təhlil edib.
2024-cü ilin avqust ayında strategiyanın yazılışına başlanarkən, AFFA ictimaiyyətə müraciət etmiş və rəylər toplamışdı.
Layihədə əsas missiya kimi uğurlu futbol ekosistemini formalaşdırmaq, habelə yüksək ixtisaslı peşəkarların yetişdirilməsi və Azərbaycan futbolunun peşəkar bazar dəyərinin artması üçün əlverişli şərait yaratmaq göstərilir. Məlum olduğu kimi, ekosistem birbaşa ölkənin coğrafi mövqeyi, şəraiti ilə əlaqəlidir. Azərbaycanda futbol ekosisteminin yaradılması üçün təməllər çoxdan atılıb, indi növbə prosesin inkişaf etdirilməsindədir. Bu hissəni daha yaxşı anlamaq üçün İslandiya modelinə müraciət etməkdə fayda var.
Bu kiçik ada ölkəsi 2012-ci ildə FİFA reytinq sıralamasında 131-ci pillədə idisə, cəmi 3 il sonra 23-cü pilləyə qədər yüksəlməyi bacarmışdı. 2016-cı il Avropa çempionatında islandiyalıların qrupdan məğlubiyyətsiz çıxması da təsadüfi uğur deyildi. İslandiya Futbol Federasiyasının təhsil işləri üzrə direktoru Arnar Bill Qunnarson futboldakı uğur və inkişaflarını 4 əsas amilə bağlayırdı: davamlılıq, uyum, keyfiyyətli təhsil və güclü milli mentalitet.
Coğrafi cəhətdən futbola o qədər də uyğun olmayan, davamlı futbol ekosistemini formalaşdırmağın kifayət qədər əziyyətli olduğu İslandiyada futbol ən populyar idman növü idi. İslandiya Futbol Federasiyası öz strategiyasını həyata keçirməyə başlayanda güclü milli mentalitet faktoru onların işlərini tamamlamasında əsas köməkçilərdən biri oldu. İctimaiyyət öz üzərinə düşəni etdi, sağlam tənqid, cəsarətli media futbolun inkişafı prosesində üzərlərinə baş rolları götürmüşdülər.
İslandiya futbolunun 2016-cı il üçün statistikasına nəzər salaq. Dünya liqalarında sezon öncəsi ən uzun dövr İslandiyadadır. Mövsüm mayda başlayıb sentyabrda başa çatır. 2006-cı ildən başlayaraq yatırılan investisiya sayəsində ölkədə 7 real ölçülü qapalı futbol stadionu, 25-dək süni örtüklü meydança və təxminən 150 minifutbol meydançası var. Bu təsisatlar islandiyalıların bütün ili futbol oynamasına imkan verir. Qunnarson deyir ki, ölkə kiçik olduğu üçün futbolçu seçimlərində də çətinlik çəkmirlər. İslandiyalı futbolçular güclü milli mentalitetə sahibdirlər, rahat adaptasiya olur və mübariz ruhda yetişdirilirlər. Bu nüans futbolun yalnız kağız üzərində deyil, həm də yaxşı vəziyyətdə olan mental sağlamlıq vasitəsilə inkişaf etdirilə biləcəyini göstərir.
Bütün bu uğurların yanında qeyd eləməli olduğumuz əsas faktor İslandiyanın 63 faizinin qütb bitki örtüyü olan tundra ilə əhatələnməsi və temperaturun çox aşağı olmasıdır. Ölkənin demək olar ki, yarısı vulkanik səhra, 15 faizi isə buzlaqlardan ibarətdir. Bu göstəricilərə baxanda İslandiya Futbol Federasiyasının cəmi bir neçə il ərzində necə böyük bir inkişafa nail olduğunu görmək çətin deyil.
Xatırladaq ki, İslandiya yığması 2016-cı il dünya çempionatının seçmə qrup mərhələsində Azərbaycan millisinin rəqiblərindəndir.
Azərbaycanda uzunmüddətli futbol ekosisteminin yaradılması bu cəhətdən çox daha rahat prosesdir. Hərçənd, AFFA bütün bəndlərin ümumilikdə hansı zaman kəsiyində həyata keçiriləcəyini göstərməyib, amma İslandiya modelinə baxdıqda qısamüddətli inkişafa ümid etmək olar.
Yüksək ixtisaslı peşəkarların yetişdirilməsi üçün hansı addımların atılacağı da maraqlıdır. Şübhə yoxdur ki, burada ixtisaslaşmış, təcrübəli xarici mütəxəssislərin təcrübələrindən faydalanmaq lazımdır. Bu, bizim yaxşı bacardığımız işlərdən biridir. Bir gənc ölkə kimi istənilən sahədə dünya təcrübəsindən faydalanmaq ehtiyacı duyuruq. Məsələn, elə İslandiya modelini əsas götürərək mütəxəssisləri ölkəmizə cəlb edib, həm uyğun ekosistemin qurulmasına, həm də istedadlı futbolçuların üzə çıxarılmasına nail olmaq mümkündür. Təbii ki, yüksək ixtisaslı yerli peşəkarların yetişdirilməsi daha vacibdir, bu, yerli futbolçuların da inkişafı deməkdir. Bu nöqtədə missiyanın sonuncu hissəsi, yəni Azərbaycan futbolunun peşəkar bazar dəyərinin artması üçün əlverişli şəraitin yaranması öz başlanğıcını götürəcək. Diqqət yetirməli olduğumuz məqam burada bazar dəyərinin artırılması deyil, məhz artmasından söhbət getdiyidir. Burada hansısa süni təkandan, ifrat xərclərdən söhbət getmir, təbii inkişaf prosesi əsas götürülür.
Keçid alaq strategiyanın əsas hədəflərinə. Kişilərdən ibarət A milli komandanın FIFA reytinqində ən yaxşı 75, qadınlardan ibarət A milli komandanın isə ən yaxşı 50 komanda sırasına yüksəldilməsi bu strategiyanın uzunmüddətli hədəflərindəndir. Burada ortaya çıxan əsas sual uzunmüddətli hədəf dedikdə hansı zaman kəsiyinin nəzərdə tutulmasıdır. Eyni zamanda, strategiyaya görə, klub reytinqində hədəflədiyimiz pillələrə də çox qısa müddətdə çata bilməyəcəyik. Avropanın aparıcı klublarının diqqətini cəlb edə biləcək istedadlı azərbaycanlı futbolçular və məşqçi heyətini yetişdirmək üçün Azərbaycan Respublikasının yeni, innovativ Futbolun İnkişafı Mərkəzinin yaradılması üçün də xarici mütəxəssislərin cəlb edilməsi vacibdir. Axı, bizdə bu planın uğurla həyata keçirilməsi üçün kifayət qədər yerli mütəxəssis yoxdur. Burada bütün bölgələr üzrə nə dərəcədə maddi-texniki şəraitin yaradılacağı da sual doğuran məqamlardandır. Çünki bunları etməyə istər yerli, istərsə də xarici mütəxəssislərdən ibarət böyük qüvvə, resurs və maddi dəstək lazımdır.
Bütün bu uğurlara nail olmaq üçün isə əsas məsələ dördüncü bənddə öz əksini tapıb: Aşağı yaş qruplarından ibarət komandalarımızın rəqabətqabiliyyətliliyi. Peşəkar klublarımızın da aşağı yaş qruplarından ibarət komandalarının güclənməsi, ideal şəraitin təmin olunması və milli futbol mentalitetinin aşılanması sonuncu bənd olan klubların dəyərinin ikiqat artırılması məsələsinin əsas həll yollarından biridir. Burada söhbət yalnız bahalı əcnəbi futbolçuların klublarımıza cəlb edilməsindən gedə bilməz.
Layihədə vurğulanan futbola olan marağın artırılması, onun daim populyarlaşdırılması məsələsi futbolumuzun Avropa səhnəsinə çıxması ilə birbaşa bağlıdır. Futbolun vətəni olan İngiltərədə belə, stadionlara toplaşan azarkeşlərin sayında azalmanın müşahidə edildiyi bir zamanda bunu təmin etmək olduqca çətin missiyadır. Kütləviliyə nail olmağın əsas açarı isə regionlarda futbolu, mövcud infrastrukturu inkişaf etdirməkdir. Burada strategiyanın futbol ekosisteminin bütün seqmentlərində mövcud boşluqları müəyyən etmək və infrastrukturu inkişaf etdirmək bəndi dövrəyə girir.
AFFA-nın təqdim etdiyi statistika ölkədə qadın futbolunun nə qədər aşağı planda qaldığının bariz nümunəsidir. 2022/2023 mövsümündə qeydiyyata alınmış kişi oyunçuların sayı 10 716 nəfər olubsa, qadınlarda bu göstərici 928-ə bərabərdir. Aradakı uçurumu izah etməyə ehtiyac yoxdur: rəqəmlər hər şeyi açıq-aydın izah edir. Lisenziyalı qadın məşqçilərin sayının da cəmi 28 olması təsadüfi deyil. Nəzərə almaq lazımdır ki, lisenziyalı məşqçilərin ümumi sayı 2022/2023 mövsümündə 1042 nəfər olub.
Strategiyada AFFA-nın internet səhifəsinin təkmilləşdirilməsi və azarkeşlərlə işin təşkilinə dair bəndlər yer alsa da, media ilə əməkdaşlıq məsələlərinin üzərindən çox sürətlə keçilib. Axı, azarkeşlərlə birbaşa əlaqədə olmaq üçün sayt kifayət deyil, ictimaiyyətin diqqətini çəkmək, görülən işlərlə bağlı hesabat xarakterli icmalların çatdırılması birbaşa media vasitəsilə aparılmalı olan işdir. İstər ölkə, istərsə də dünya miqyasında Azərbaycan futboluna olan marağın artırılması media ilə əməkdaşlığın nə qədər sağlam olmasından asılıdır.
Beləliklə, AFFA-nın İnkişaf Strategiyasının layihəsində kifayət qədər mübahisəli məsələlər var. Çatışmazlıqları aradan qaldırmaq üçün hələ çox müzakirələr aparılmalı, uzunmüddətli hədəflərin konkret müddəti müəyyənləşdirilməli, aparılan proseslərlə bağlı ictimaiyyət davamlı şəkildə məlumatdırılmalıdır.