"Turan Tovuz" klubunun heyətinə yeni futbolçu cəlb ediləcək.
Bu barədə "Teleqraf.com"a komandanın kapitanı Şəhriyar Əliyev məlumat verib.
32 yaşlı müdafiəçi bildirib ki, hazırda axtarış və analizlər aparılır: “Rəhbərliyimiz çalışır ki, komandaya xeyir verəcək, sistemə uyğun futbolçu cəlb etsinlər. Bunun üçün axtarışlar və analizlər gedir. Düşərgəyə yeni oyunçunun gələcəyi gözlənilir”.
Ş.Əliyev Türkiyənin Antaliya bölgəsində başa vurduqları təlim-məşq toplanışını dəyərləndirib: “Toplanış üçün yanvarın 3-də Türkiyəyə yollandıq. Düzdür, vaxtımız az idi. Çalışdıq ki, bu müddətdə maksimum optimal formaya düşək. Toplanış çərçivəsində hər iki yoxlama matçında məğlub olduq. Fikrimcə, həmin oyunlarda nəticənin önəmi olmasa da, zəif və üstün cəhətlərimizi analiz edə bilmək baxımından faydalı idi. Çempionat qarşılaşmalarında belə səhvlər etmək olmaz, tam hazır olmalıyıq. Bununla belə, ən yaxşı təlim-məşq toplanışını keçirdik. Sözsüz ki, fasilə ötən illərə nisbətdə az oldu. Toplanış yüngül olmur ki, həmişə ağırdır. Yorğunluq yoxdur, sadəcə, yüklənmələr var. Bu da qarşıdakı 1-2 turda bu öz sözünü deyəcək. Çalışacağıq ki, “Kəpəz”lə oyuna kimi optimal formaya düşək".
Təcrübəli müdafiəçi Azərbaycan klublarından yalnız “Turan Tovuz”un qış fasiləsində xaricə yollanmasının nəticəsini belə şərh edib: “Reallığa baxsaq, ölkədə stadion problemləri var. Klublarımızın əksəriyyəti meydança tapmaqda çətinlik çəkir. Əvəllər Bakı Olimpiya Stadionunda çoxlu komanda məşq edirdu. Sonra COP-29-a görə bağlandı, indi təmir gedir. Komanda bu cəhətdən çətinlik çəkir. Düşünürəm ki, Antalyada istədiyimiz şeyləri daha yaxşı yerinə yetirə bildik. Həm bu, həm də yoldaşlıq görüşləri baxımından komandaya xeyirli oldu. 4-5 saat yolda olmağımız problem deyildi. Buna görə yüklənmə olduğunu da düşünmürəm. Baş məşqçimiz Kurban Berdıyev tapşırıqları verirdi. Çalışdıq ki, dediyi sistemlə oynayaq. Təcrübəli klublarla yoldaşlıq görüşü keçirdik, həmin səhvləri o oyunlarda görə bildik. Amma çempionat oyununda düzgün yerinə yetirə biləcəyikmi? Bunu deyə bilmərəm. Hər halda əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Həm təlim-məşq toplanışlarının, həm də yoxlama oyunlarının hazırlığımıza yüksək mənada köməyinin dəyəcəyini düşünürəm”.
Azərbaycan millisinin üzvü Qərb derbisinə hazırlıqlardan da söz açıb: “Kəpəz” son pillələrdə olsa da, fasilədən öncə qazandığı xallar göstərir ki, o pillələrdən çıxmağa qadirdir. Adı üstündə-derbidir. Komanda zəif və ya güclü olsa da, derbidə maksimum ortaya qoyulur. Düzdür, mövsümün ilk yarısındakı hər iki oyunda “Kəpəz”ə qalib gəlmişik. Amma rəqib bizə qarşı layiqincə mübarizə aparıb. Hər iki tərəfdə itkilər var. Ağır oyun olacaq. Çalışacağıq ki, derbiyə kimi tam ideal vəziyyətdə olaq, baş məşqçimizin verdiyi tapşırıqları yerinə yetirək. Bu oyunda xal və xallar qazanmaq üçün əlimizdən gələni edəcəyik. Önümüzdə təkcə “Qarabağ” və “Araz-Naxçıvan” durmur. O mövqe uğrunda “Zirə” və “Sabah” da mübarizə aparacaq. Çempionat oyunları çox çətin olacaq. Avrokuboklar uğrunda mübarizə gərginləşəcək. Çalışacağıq ki, rəqiblərlə mübarizə aparıb, ən azı hazırki mövqeyimizi qoruyub saxlayaq”.
Ş. Əliyev düşərgəyə yeni qoşulanların adaptasiya prosesi, yeni transferlər barədə danışıb: “Rəhim Sadıqov və Orxan Əliyev uzun müddətdir ki, Premyer Liqada çıxış edir. Çempionatımızın səviyyəsini bilirlər. Yeni gələnlərdən Anton Kraçkovski də öz səviyyəsini ortaya qoydu. Görürük ki, düşərgəyə uyğunlaşmaq üçün əlindən gələni edir. Komandaya həm kömək etməyə, həm də uyğunlaşmağa çalışır. Fikrimcə, hər üç futbolçu “Turan Tovuz”a xeyir verəcək. Rəhbərlik, məşqçilər korpusu bu yöndə çalışır. Futbolçu transferində yanılmaq olmaz. Qış fasiləsində oyunçu tapmaqda da çərinlik olur. Rəhbərliyimiz və məşqçilər korpusumuz çalışır ki, komandaya xeyir verəcək, sistemə uyğun futbolçu cəlb etsinlər. Bunun üçün axtarışlar və analizlər gedir. Düşərgəyə yeni futbolçu gələcəyi gözlənilir. İstərdim ki, tezliklə gəlsin və komandamızın gücünə güc qatsın”.
Qeyd edək ki, yanvarın 19-da Tovuz şəhər stadionunda keçiriləcək Azərbaycan Premyer Liqasının XIX tur qarşılaşması saat 16:00-da başlanacaq. Hazırda "Kəpəz" 11 xalla 9-cu, "Turan Tovuz" 32 xalla 3-cü yerdədir.