"Düzdür, avtoqol vurdum, amma futbolda belə hallar olur”.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Azərbaycan milli komandasının futbolçusu Azər Salahlı “Neftçi”nin heyətində evdə "Sabah" komandası ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XIX tur matçı barədə danışarkən deyib.
31 yaşlı müdafiəçi öz qapısına qol vurmasına baxmayaraq, çıxışını normal dəyərləndirib. Salahlı qələbə qazana bilməmələrini bəxtsizliklə əlaqələndirib: “Məqsədimiz qələbə qazammaq idi. İkinci dövrəyə uğurlu start vermək istəyirdik. Qol imkanları da yaratdıq. Ümumilikdə zəif çıxış etmədik. Bəxtsizliyimiz oldu, ona görə də imkanlarımızdan maksimum istifadə edə bilmədik. İkinci dövrəyə daha istəkli başlamaq niyyətindəyik. “Sabah”la oyunda da bunu meydanda göstərə bildik. Bundan sonra hər oyunda qələbə qazanmağa çalışacağıq”.
Qeyd edək ki, bu nəticədən sonra “Neftçi” 18 xalla 7-ci pilləyə yüksəlsə də, “Sabah” 28 xalla 5-ci pillədə qalıb.