“Hazırda özümüzə inamlıyıq. Yerli çempionatda meydan amili və rəqiblərin əksəriyyətinin müdafiədən oynaması komandamızın çıxışını avrokuboklardan daha zəif göstərir”.
Teleqraf.com xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında “Zirə”nin və Azərbaycan milli komandasının futbolçusu Ceyhun Nuriyev Azərbaycan Premyer Liqasının XX turunda “Şamaxı”nı səfərdə 2:1 hesabı ilə məğlub etdikləri matç barədə danışarkən deyib.
24 yaşlı yarımmüdafiəçi Şamaxıda qazandıqları əzmkar qələbəni belə şərh edib: “Çətin oyun olacağını bilirdik. Süni meydan, oyunun günorta saat 14:00-da olması və s. “Şamaxı” həmişə istəkli olub. Yəni, mübariz komandadır, Ayxan Abbasovun komandaları həmişə elə olub. Çətin oyun olacağını bilirdik. Matça pis başladıq. Belə meydanda topa nəzarət də çətin olur. Bu gün əminliklə deyə bilərm ki, “Şamaxı”nı üstələdiyimiz üçün rahat qələbə qazandıq. Buraxdığımız qol bizi ayıltdı. Çünki tez reaksiya verib hesabı 1:1 etdik. Fasilədə də görürdük ki, oyun yaxşı getmir. İkinci hissədə daha yaxşı futbol oynadıq. Buraxdığımız qol və baş məşqçimizin fasilə zamanı iradlar bizi ayıltdı. Çünki oyun heç yaxşı getmirdi. Rəşad Sadıqov bir-iki müdaxilə etdi, daha sonra toparlandıq”.
Nuriyev fasilədən sonra avrokuboklara namizədlik iddialarını ortaya qoyacağını bildirib: “Şükür, qış fasiləsindən sonra 2 qələbəmiz var. Növbəri oyun “Qarabağ”a qarşıdır. Onların gücü hamıya bəllidir, amma biz də dişli komandayıq. Yaxşı nəticə üçün çalışacağıq. Mövsümə çox yaxşı başladıq, sadəcə, fasilə ərəfəsində zəiflədik. Düşünürəm ki, əvvəlki “Zirə” geri qayıdacaq. Yerli çempionatla avrokublar arasında müəyyən fərq var. Avropa turnirində hər iki tərəf açıq futbol oynayır, atmosfer, stadionlar yaxşı vəziyyətdə olur. Öz oyununu rahat nümayiş etdirəndə “Zirə”də alınır”.
Qeyd edək ki, bu qələbə sayəsində "Zirə" xalını 36-ya yüksəldib. Bununla da "qartallar" dördüncü pillədəki "Turan Tovuz"la xal fərqini 4-ə çatdırıb.