26 Yanvar 21:23
855
12 Punto 14 Punto 16 Punto 18 Punto

“20 gün əvvəl iki futbolçu ilə danışdıq, amma danışığımız orda da qaldı. İndi isə onları götürməyimiz mümkün deyil”.

Teleqraf.com xəbər verir ki, bu sözləri Azərbaycan Premyer Liqasının XX turunda “Turan Tovuz”a 1:2 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

53 yaşlı mütəxəssis gərgin qarşılaşmada baş verən hakim səhvlərindən söz açıb: “Məğlub olmaq istəməzdik. Futbolçularım oyuna 90 dəqiqə nəzarət edə bildilər. Sadəcə futbolun bu cür çirkin tərəfləri olur. Bu oyunda künc zərbələrini belə oynamaq olmazdı. 5 nəfər qapıçıya icazə vermirsə, onu bloklayırlarsa, necə olmalıdır? Qapıçı hara çıxmalıdır, bilmirəm. Neçə oyundur ki, cərimə zərbəsi yerinə yetirəndə səhvlərə yol verirlər. Rəqibi təbrik edirəm. Amma oyundan öncə futbolçularıma tapşırıqlar vermişdim. İkinci qolda cərimə vardımı, bilmirəm. Sanki hakimlər belə məqamlara fikir vermir. Elə bil 15 yaşlı uşaqların oyununu idarə edirlər. Künc zərbəsi əvəzinə cərimə zərbəsi verir, bizə qol vurulur. Elə şeylər var ki, deməsəm olmur. Qapıçı əllə niyə oynayır?! Təkcə bizim oyunlarda deyil, çoxunda olur. Danışırlar ki, qapıçı toxunulmazdır. Necə olur, bilmirəm. Əsas ona əsəbiləşdim.

Məğlub olmağımıza səbəb bu deyil. Şahruddin Məhəmmədəliyev topa gedir, bir tərəfdən Faiq Hacıyev, bir dərəfdən isə Ayxan Quseynov onun üzərinə gəlir. Şahruddinə imkan vermədilər. Hakimlərin qərəzli yanaşdığını demirəm. Amma belə epizodlara səthi yanaşırlarsa, oyun da dəyişir. İkinci qolda "korner"i biz yerinə yetirməli idik, rəqibə cərimə zərbəsi verirlər. AFFA İcraiyyə Komitəsində bu mövzunu qabartmağımın yeri yoxdur. “Qarabağ”ı mənə tapşırıblarsa, burdan aldığımızın haqqını verməliyik. Hakim isə ümumən ciddi yanaşmalıdır. Cüzi səhv hər şeyi tərsinə çevirir. Cavid Cəlilov bəlkə də bu cür oyunlara az təyinat alıb. Futbolçularıma görə pis oluram. 3 gün əvvəl məğlub olmuşduq, bu gün də belə uduzduq. Ümid edirəm ki, bu məqama diqqət edərlər. Birinci dəfə penalti epizodu olanda soruşdum, ofsayd verdilər”.

Qurbanov yeni transferlərə dair yenilik olmadığını da bildirib: “Heç bir futbolçu ilə rəsmi danışıq aparılmayıb. Say olaraq güclənmək istəmirik. Bir oyunçunu kollektivə uyğunlaşdırmaq asan olmur. Mental olaraq o futbolçunun ölkəyə, bizə uyğunlaşmasını öncədən bilirik. Elə oyunçu var bura adaptasiya ola bilmir, amma başqa klubda yaxşı tərəfdən özünü göstərir. Burada hədəflər böyükdür.

Hər futbolçu o ağır yükün altına girə bilmir. Büdcəmiz də çox deyil ki, bir neçə transfer edək. Futbol elə idman növüdür ki, bəzən gözləmədiyin nəticələrlə rastlaşa bilirsən. Arxayınlaşmalı deyilik. Yeni transfer götürməsək də bu futbolçularıma güvənirəm. Onlardan daha tez nəticə ala bilərəm, nəinki hər hansı yeni transferi gətirib onu bura uyğunlaşdıraraq”.

Baş məşqçi növbəti həftə UEFA Avropa Liqasının VII turunda Yunanıstanda “Olimpiakos”la keçirəcəkləri görüş haqqında isə bu sözləri deyib: “Olimpiakos” güclü rəqibdir. Qrupda ən güclü və ən aqressiv pressinq edən komandalardan biridir. Asan olmayacaq. Amma daha rahat oynayacağıq, stress az olacaq. Bu mövsüm yaxşı oyunlarımız oldu, lakin nəticələrimiz yaxşı deyildi. Çalışacağıq ki, Yunanıstanda yaxşı çıxış edək. Rəqibimiz ötən mövsüm Konfrans Liqasının qalibi olub. Amma yaxşı hazırlaşacağıq”.

AFFA İcraiyyə Komitəsindən uzaqlaşması ilə bağlı suallara Qurban Qurbanov bu cür reaksiya verib: “AFFA İcraiyyə Komitəsi barədə suala cavab vermək istəmirəm. İnanın, oradan ayrılmağımla bağlı da danışmaq istəmirəm. Ümumiyyətlə, o barədə düşünməyə vaxtım da yoxdur”.

Qeyd edək ki, “Qarabağ” Azərbaycan Premyer Liqasının XX turunda Tofiq Bəhramov adına Respublika stadionunda “Turan Tovuz”a məğlub olub -1:2.


Müəllif: Röyanə Oğuz

Oxşar xəbərlər